Modern.az

Neft və Sənaye Universitetinin rektoru jurnalistlərə nə danışdı?

Neft və Sənaye Universitetinin rektoru jurnalistlərə nə danışdı?

7 Yanvar 2016, 15:27

Mustafa Babanlı: “İmtahanlarda 95 faiz müsbət nəticə əldə olunub”


Yanvarın 7-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyinin təşkilatçılığı ilə imtahan sessiyasının gedişi ilə tanış olmaq üçün ilk mediatur keçirilib. Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən həyata keçirilən tədbirdə 20-dən çox KİV nümayəndəsi iştirak edib.

Modern.az xəbər verir ki, mediatura həmçinin Təhsil Nazirliyinin (TN) nümayəndələri, o cümlədən TN-nin İnformasiya şöbəsinin müdir müavini Cəsarət Valehov, nazirliyin QHT və KİV-lə iş sektorunun baş məsləhətçisi Billurə Hacızadə, universitetin Tədris İşləri üzrə prorektoru Qasım Məmmədov və digər nümayəndələr qatılıblar.

İmtahan Mərkəzindən başlayan mediaturda ADNSU-nun İnformasiya Kommunikasiya Texnologiyaları Mərkəzinin (İKTM) rəhbəri Osman Mirzəyev qonaqlara imtahanlara hazırlıq və imtahanın gedişi barədə geniş məlumat verib. O, bildirib ki, universitetdə imtahanlara hazırlıq işlərinə ötən ilin dekabr ayının əvvəllərindən start verilib.

Qeyd olunub ki, ADNSU-da qiyabi bölmə üzrə imtahanlar dekabrın 22-dən, əyani bölmə üzrə isə dekabrın 29-dan başlayıb. Mətbuat təmsilçilərinə məlumat verilib ki, universitetdə 2015-2016-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin edilməsi məqsədilə müvafiq işlər görülüb. İmtahanlarda şəffaflığın qorunması üçün valideynlərin iştirakına əlverişli şərait yaradılıb. Bununla əlaqədar universitetdə xüsusi elanlar da yazılıb. Hər bir tələbənin valideyni şəxsiyyət vəsiqəsini təqdim etməklə imtahanlarda iştirak edə bilir. O.Mirzəyev bildirib ki, İmtahan Mərkəzində 7 fakültənin və SABAH qruplarının imtahan verəcəyi auditoriyaların, eləcə də imtahana nəzarət edəcək müəllimlərin siyahısı müəyyənləşdirilib. Mərkəzdə hər bir fakültənin adı, qrupun, tələbənin imtahan verəcəyi fənn və otaq nömrəsi qeyd olunan qovluqlar hazırlanıb. Hər bir qovluğa imtahan verən qrup tələbələrinin sayına görə bilet və möhürlənmiş boş cavab vərəqləri yerləşdirilib. Eyni zamanda qeyd olunub ki, imtahan biletləri kafedralarda müəllimlər tərəfindən hazırlanaraq pratakola salınır və kafedra müdirlərinin imzası ilə dekanlıqlara, oradan isə məsul şəxslər tərəfindən İmtahan Mərkəzinə təqdim olunur, sonra qovluqlara yerləşdirilir. Həmin qovluqlar imtahan günü müəyyən edilmiş auditoriyalarda nəzarətçilərə təqdim olunur. Nəzarətçilər qovluqlarda olan biletləri, cavab kağızlarını tələbələrə paylayırlar. İmtahandan sonra cavab vərəqələri biletlə birlikdə yenidən qovluqlara yığılaraq İmtahan Mərkəzinə təqdim olunur. Cavablar hər bir tələbənin tələbə biletinin nömrəsinə uyğun olaraq kodlaşdırılır, sürətli skayner vasitəsilə skan olunaraq pdf formatında kompyuterə köçürülür. Bundan sonra 462, 337-ci otaqlarda müəllimlərin yoxlamasına verilir. Yoxlanılan qovluqlar orada gözləyən İmtahan Mərkəzinin nümayəndələrinə təqdim olunur və qovluqlar İmtahan Mərkəzinə təhvil verilir. Sonra cədvəl-3, yəni tələbələrin siyahısı və cədvəl-4, anonimliyi gözlənilən qiymətləndirilmiş cavab vərəqləri İnformasiya Kommunikasiya Texnologiya Mərkəzinə (İKTM) verilir. İKTM-də tələbələrin imtahanlara qədərki balları qabaqcadan kompüterə daxil edilir. Cədvəl-3 və cədvəl-4 İKTM-ə daxil olduqdan sonra kodu açılaraq kompüterə daxil olunur və yekun nəticə kompüter vasitəsilə alınır. Həmin an nəticələr universitetin saytında yerləşdirilir.

Daha sonra media təmsilçiləri universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib və tələbələrin imtahanda yazdıqları cavabların yoxlanılması, qiymətləndirilməsi prosesi ilə yaxından tanış olublar. Media təmsilçiləri auditoriyalarda, dəhlizlərdə imtahanların gedişi ilə bağlı tələbələrdən, eləcə də imtahanlarda iştirak edən valideynlərdəm müsahibələr alıblara. Eyni zamanda İKTM-nin 337 saylı otağında imtahan cavablarının yoxlanılması prosesini izləməklə yanaşı, müəllimlərdən cavabların səviyyəsi və nə dərəcədə qaneedici olması ilə bağlı məlumat alıblar. Media təmsilçiləri ADNSU-nun İnformasiya Kommunikasiya Mərkəzi ilə də tanış olublar.

Tədbirin sonunda media nümayəndələrini qəbul edən rektor Mustafa Babanlı jurnalistlərin suallarını cavablandırıb. O, imtahanların şəffaflığı, tələbələrin öz bilik və bacarıqlarını göstərmələri üçün onlara lazım olan hər cür münbit şəraitin yaradıldığını qeyd edib. M.Babanlı məhz imtahan prosesinə şəffaf yanaşmanın nəticəsi olaraq imtahanlarda 95 faiz müsbət nəticənin əldə olunduğunu önə çəkib.

Universitetdə aparılan islahatlara, yenilənmə prosesinə diqqət çəkən rektor, əsas məqsədin “AZİ” kimi tanınan bu universitetin əzəli nüfuzunun bərpa edilərək daha da inkişaf etdirilməsi və Azərbaycanın brendi olaraq dünyaya çıxarmaqdan ibarət olduğunu bildirib.

C.Valehov öz növbəsində mediatura ilk olaraq ADNSU-dan başladıqlarını vurğulayıb. O, imtahanlarda yüksək əhval-ruhiyyənin, şəffaflığın müşahidə olunduğunu qeyd edib və bu turdan müsbət təəssüratlara ayrıldıqlarını bildirib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək