“2015-ci ildə xüsusi razılıq (lisenziya) olmadan əczaçılıqla məşğul olan 4 aptek bağlanılıb və fəaliyyətləri dayandırılıb”.
Modern.az xəbər verir ki, bu sözləri Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin (AEM) direktoru Murad Süleymanov “Tibb” qəzetinə müsahibəsində deyib. O qeyd edib ki, könüllü şəkildə qanunsuz fəaliyyətini dayandırmayan iki aptekin sahibinə isə protokollar tərtbib edilib.
“23 aptekdə isə reseptlə buraxılmalı olan dərman vasitələrinin reseptsiz satıldığı, yetkinlik yaşına çatmayanlara dərmanların buraxılması qaydalarının pozulduğu müəyyən olunub.
Ötən ildə aparılan yoxlamalar nəticəsində 835 adda (1874 qutu) qeydiyyatsız və dövlət nəzarətindən keçməmiş dərman preparatı satışdan çıxarılıb. Hazırda ölkədə 4700-dən çox preparat var. 2015-ci ildə 803 dərman dövlət qeydiyyatına alınıb, ilkin ixtisaslaşdırılmış ekspertizada 203, ixtisaslaşdırılmış ekspertizada isə 195 dərmandan imtina edilib”.
M.Süleymanov Azərbaycanda istehsal olunan dərmanlar barədə də danışıb. O bildirib ki, Azərbaycanın əczaçılıq müəssisələri olan “Azərfarm Ltd” və “Bakikimyaəczasənaye” ASC tərəfindən 55 adda dərman istehsal edilir.
“Bunlar əsasən həyatı vacib və təcili hallarda istifadə olunan antibiotiklər, iltihab əleyhinə preparatlar, vitaminlər, antiseptiklər, sakitləşdiricilər və s-dir”.
Aytən ZƏHRA