Son günlər Bakıdan Sumqayıta hərəkət edən sürət qatarlarının hərəkət xəttində gecikmələr müşahidə edilir. 15-20 dəqiqə geçikmə ilə gedən qatarlarda sərnişinlər problemin nədən qaynaqlandığını öyrənməyə çalışsalar da, onlara heç bir məlumat verilmir. Eyni zamanda, qatarda olan bələdçilər də insanları problem barədə məlumatlandırmırlar.
Dünən gecikmə ilə Sumqayıt stansiyasına çatan qatar sərnişinləri digər problemlə üzləşməli olublar. Belə ki, turniketlərin işləməməsi səbəbindən onlar əlillər olan hissədə bələdçilərə biletlərini verərək keçmək məcburiyyətində qalıblar. Nəticədə insanlar arasında narazılıq yaşanıb.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin daşımaları departamentinin rəis müavini Mədət Şıxəmirov Modern.az-a açıqlamasında bildirib ki, son günlərdə qatarların bir neçə dəqiqə keçikməsinə səbəb texniki problemlərdir.
“Sumqayıt stansiyasına yaxınlaşarkən ikixətli yoldan birxətli yola keçən hissədə svetafor işləmədiyi üçün belə problem olur və qatarlarda müəyyən gecikmələr olur. Bunun üzərində isə hazırda iş gedir və o problem aradan qaldırılacaq. Yəni təhlükəsizliklə bağlı problem yoxdur”.
Rəis müavini eyni zamanda turniketlərin işləməməsinə də aydınlıq gətirib.
“Dünən işıq yanıb-söndüyü üçün turniketlərdə problem yarandı. Bakıdan çıxan 19:00 qatarı üçün sərnişinlər bilet ala bilmədi. Eyni zamanda Sumqayıt stansiyasında da turniketlərdə yaranan problem səbəbindən onlar bir-bir buraxılırdı. Bilet almadan qatardan istifadə edənlərə isə yenidən bilet almaları bildirilirdi. Bunlar texniki problemlər idi və tez zamanda həll edildi”.
Aytən ZƏHRA