“2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik”. Modern.az saytı xəbər verir ki, bunu Nazirlər Kabinetinin son iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Prezident qeyd edib ki, bu il struktur islahatları aparılmalıdır: “Buna ehtiyac var. Ümumiyyətlə, daha da çevik, operativ idarəetmə mexanizmi işlənməlidir. Bəzi hallarda bəzi qurumlar bir-birinin fəaliyyətini təkrarlayırlar. Buna yol vermək olmaz”.
Prezident qeyd edib ki, bəzi hallarda süni şəkildə iş yerləri yaradılır: “Misal üçün, insanlar işləmirlər, amma onlara maaş yazılır. Sonra o maaş onun-bunun cibinə gedir. Bu hallara son qoyulmalıdır. Ona görə, çox ciddi maliyyə nəzarəti, ictimai nəzarət, dövlət nəzarəti olmalıdır. Lazım olmayan qurumlar ləğv edilməlidir və bu istiqamətdə yaxın gələcəkdə addımlar atılacaq” "Biz 2016-cı ildə iqtisadi inkişaf templərini təmin etməliyik. Bu, asan məsələ deyil. Xüsusilə burada səslənən fikirlər və ümumiyyətlə, keçən il müşahidə olunan mənzərə deməyə əsas vermir ki, 2016-cı ildə dünyada iqtisadi böhran başa çatacaq. Belə olan halda biz daha da səmərəli işləməliyik və iqtisadi inkişaf templərini daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin etməliyik", - deyə dövlət başçısı qeyd edib.
İlham Əliyev vurğulayıb ki, xüsusilə qeyri-neft sektorunun inkişafı böyük əhəmiyyət daşıyır: "Son illər ərzində bu istiqamətdə böyük işlər aparılıb. Əgər biz vaxtilə qeyri-neft sektorunun inkişafı ilə məşğul olmasaydıq, bu gün iqtisadi inkişafımız o qədər də uğurlu olmazdı. İqtisadi şaxələndirmə, qeyri-neft sektorunun inkişafı 2016-cı ildə iqtisadi sahədə əsas prioritet olacaqdır. Əminəm ki, biz bu il ərzində bu istiqamətdə daha da böyük uğurlara nail olacağıq. Ümumiyyətlə, ümumi daxili məhsulumuzun strukturu müsbətə doğru dəyişir, qeyri-neft sektorunun çəkisi artır. Bu, müsbət haldır. Neftdən asılılıq azalır. Ancaq biz bu asılılığı minimum səviyyəyə endirməliyik ki, gələcəkdə neftin qiymətindən asılı olmayaq. Vəzifə bundan ibarətdir. Hesab edirəm ki, biz düşünülmüş siyasət, gərgin iş nəticəsində buna nail ola biləcəyik".
Modern.az