Bəzi KİV-lərin məlumatına görə Ağcabədi rayonunda 3 nəfər 5 mərtəbəli binanın damına çıxaraq özünü oradan atacaqlarını deyib.
Məlumatlara görə intihara cəhd edən şəxslər bahalaşmaya etiraz olaraq bu addımı atdıqlarını bildiriblər. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri hadisə yerinə gəliblər.
82 saylı Ağcabədi seçki dairəsindən Milli Məclisin deputatı Tahir Rzayev Modern.az-a açıqlamasında hadisə ilə bağlı səhv məlumat verildiyini və özünün hazırda Ağcabədi rayonunda olduğunu bildirib:
“Hal-hazırda özüm Ağcabədidə yas yerindəyəm. Mən də bu xəbəri 1 saat öncə eşitdim. Məcburi köçkünlərin yaşadığı beşmərtəbəli binada 1 nəfər uşaq belə bir addım atıb. Həmin o uşağın psixi durumu yaxşı olmayıb, yaxud hansısa problemi olub və belə bir addım atmaq istəyib. İndi ağsaqqallar yığışıb ora və oradakı bəzi ağzıgöyçəklərə öz məsələhətlərini verirlər. Məlumatlar yayılıb ki, guya, uşaq özünü bahalaşmaya görə atmaq istəyib. Amma uşaq bahalaşmanın, iqtisadi böhranın mahiyyətini nə başa düşür ki, məhz bahalaşmaya görə özünü atmaq istəsin. Həmin binada olan ağsaqqallar da deyirlər ki, “ayıbdır, belə etməyin. Dövlət köçkünlərə hər cür təminat verir. Belə gözəl yaşayış binası tikilib”. Beşmərtəbəli, hər cür şəraiti olan binada yaşayırlar. Bəzi insanlar isə buna məqsədli şəkildə siyasi don geyindirərək, bahalaşma ilə əlaqələndirməyə çalışıblar”
Deputat Tahir Rzayev hadisəni dəqiqəşdirmək üçün oraya öz köməkçisini də göndərdiyini söyləyib: “Yarım saat olar ki, köməkçimi göndərdim ora. Mənə məlumat gətirdi ki, bu adi məişət formasında olan bir məsələdir. Adamlar da, rayon camaatı da narazıdır ki, buna belə don geyindirilir. Əslində rayon camaatı deyib ki, “cənab prezident bizim üçün hər cür şərait yaradıb. Bahalaşma bu gün bütün dünyada bir proses kimi gedir”. Cənab prezident də dedi ki, əslində bu iqtisadi böhran yox, siyasi böhrandır. Uşağın siyasətdən və siyasi böhrandan xəbəri yoxdur ki, çıxıb özünü oradan tullasın. Bu kimlərinsə uydurmasıdır. Hal-hazırda rayonda sakitçilikdir. Vəziyyət tam qaydasındadır”.
Ağa Akifoğlu