Modern.az

Media devalvasiya fonunda özünü necə aparır? - “Ajiotajı onlar yaradır”

Media devalvasiya fonunda özünü necə aparır? - “Ajiotajı onlar yaradır”

13 Yanvar 2016, 11:20


Mərkəzi Bankın “üzən məzənnə” siyasətinə keçməsi qərarından sonra manatın kəskin ucuzlaşması cəmiyyətdə böyük ajiotaj yaratdı. İqtisadi xəbərlər daha çox izlənilir və insanlar növbədə nələrin olacağını mediadan öyrənməyə çalışır.

Hər gün, hər dəqiqə iqtisadçılardan bu və ya digər proseslərə şərhlər alınır, valyutadəyişmə məntəqələrindən reportajlar hazırlanır, ölkədə manatın dollar qarşısında məzənnəsinin bir az daha düşməsi və dollar qıtlığının yaşanması barədə informasiyalar yazılır.

Media qurumları devalvasiya fonunda məlumatları necə işıqlandırır?

Mətbuat Şurası idarə heyətinin üzvü, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Modern.az-a açıqlamasında bildirib ki, ölkədəki ciddi media iqtisadi prosesləri sakit və soyuqqanlıqla işıqlandırıb və hadisələrə obyektiv münasibət bildirib. O qeyd edib ki, ajiotaj əsasən sosial şəbəkələrin istifadəçiləri tərəfindən yaradılır.

“Keçən dəfə də demişdim ki, yaşlı insanlar, 90-cı illərin əvvəllərində olan prosesləri görənlər üçün devalvasiya təəccüblü deyil. Azərbaycanda manat necə il idi ki, stabil qalmışdı, dollar manata qarşı zəif pula çerilmişdi. O günləri də görmüşük və belə çətinliklər də olur. Bundan faciə düzəltmək lazım deyil. Sosial şəbəkələrdə panika halında olan informasiyaları oxuyanda təəccüblənirəm. Düşünürəm ki, bir az bu proseslərə sakit yanaşmaq lazımdır. Sosial şəbəkələrdə yaradılan ajiotaj da çox zaman yeni yaranan saytlara sirayət edir, onlar da diqqət çəkmək üçün yersiz hay-küyə gedirlər. Bunların isə ömrü uzun deyil”.

Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlının məsələyə münasibəti belə olub:
“Oxuduğum və baxdığım saytlarda məlumatlar babatdır. Deyə bilmərəm nəsə zəifdir və ya həddindən artıq dərin analiz var. Nə var, onu da işıqlandırırlar. Jurnalistlər ajiotaj yaratmır. Sadəcə, bir çox hakimiyyət nümayəndələri ya özlərini bilməməzliyə qoyub, ya da hansısa paralel dünyada yaşayırlar. Şəhərdə, ölkədə nə baş verdiyindən xəbərləri yoxdur. Ölkədə baş verənlər ajiotaj üçün deyil, vəziyyətin gerçəkdən nə olduğunu anlamağımız üçün deyilməlidir. Anlamasaq, düzgün qərar vermək, addılmlar atmaq, düzgün islahatlar aparmaq mümkün deyil”.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi