"Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə Prezidenti İlham Əliyevin çıxışı çox mühüm və çox əhəmiyyətli tapşırıqları, mesajları ilə yadda qaldı. Dövlət başçısının çıxışı həm də bir daha onu göstərdi ki, devalvasiyadan, “üzən məzənnə”yə keçilməsindən sonra yaranan problemlərlə Azərbaycan hökuməti, konkret olaraq, dövlət başçısı çox ciddi şəkildə məşğul olur". Bunu Modern.az-a açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.
Komitə sədrinin qeyd etdiyinə görə, eyni zamanda, artıq devalvasiyanın yaratdığı müəyyən çətinlikləri aradan qaldırmaq üçün ciddi tədbirlər görülmək ərəfəsindədir. E.İbrahimov xüsusilə vurğulayıb ki, ilk növbədə pensiyaların və əmək haqqlarının qaldırılması ilə bağlı təkliflərin hazırlanması dövlət başçısı tərəfindən hökumət qarşısında bir nömrəli məsələ kim qoyuldu: “Bu baxımdan hesab edirəm ki, bu kimi tədbirlər əhalinin aztəminatlı təbəqəsinin və pensiyaçıların bu iqtisadi çətinliklərə sinə gərməsi üçün çox mühüm dəstək olacaq”.
Komitə sədri bununla yanaşı qeyd edib ki, Azərbaycan dövləti və xalqı özünün 25 illik müstəqilliyi dövründə bir neçə dəfə çətin iqtisadi-siyasi sınaqlarla üzləşib və hər dəfə də ölkə rəhbərliyi tərəfindən aparılan son dərəcədə düşünülmüş, uzaqgörən siyasət nəticəsində bu ağır sınaqlardan uğurla, ləyaqətlə, üzüağ çıxa bilib.
“Hesab edirəm və qəti əminəm ki, bu dəfə də belə olacaq. Manatın devalvasiyasından sonra yaranan müəyyən çətinliklər heç də bəzi daxili və xarici anti-Azərbaycan qüvvələri sevindirməsin. Eyni zamanda, yaranan vəziyyətdən sui-istifadə etməklə varlanmaq həvəsinə düşənlər də “papaq”larını qabaqlarına qoyub yaxşı-yaxşı fikirləşsinlər. Onlar süni qiymət artımına yol verməklə və insanlar arasında çaşqınlıq yaratmaq yolu ilə heç nəyə nail ola bilməyəcəklər. Onların qarşısı aidiyyatı dövlət qurumları tərəfindən çox tezliklə və kəskinliklə alınacaq. Bununla yanaşı, yuxarıda dediyim ki, Azərbaycanı istəməyən qüvvələr də çox sevinməsinlər, sevincləri çox tezliklə qursaqlarında qalacaq. Azərbaycan dövləti və xalqı belə şeyləri çox görüb, çox yaşayıb, ancaq hər dəfə düşmənlərini kədərləndirib, dostlarını sevindirib. Heç kimin qarşısında boynunu əyməyib.
Çünki Azərbaycan xalqının Heydər Əliyev və İlham Əliyev kimi çox mürik lideri olub, var. Məhz onların xalqla birgə vəhdəti nəticəsində Azərbaycan dövləti onun qarşısına çıxan bütün maneələri uğurla keçib, bütün çətinliklərin, sınaqların öhdəsindən şərəflə gəlib.
Bu dəfə də belə olacaq. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi Azərbaycan dövləti, Azərbaycan xalqı bu sınaqdan, bu imtahahdan da çox uğurla və alınaçıq çıxacaq, öz dinamik, sıçrayışlı inkişaf yolunu davam etdirib dünyanın lider dövlətləri sırasında özünün əzəmətli yerini qoruyacaq. Buna əsla və əsla heç kimin şübhəsi olmasın” - deyə, E.İbrahimov daha sonra sözlərinə əlavə edib
Modern.az