Modern.az

Ayaz Mütəllibov etiraz aksiyalarını PİSLƏDİ

Ayaz Mütəllibov etiraz aksiyalarını PİSLƏDİ

14 Yanvar 2016, 12:34


Ağsu, Füzuli, Siyəzən və digər rayonlarda ölkədə unun və digər ərzaq məhsullarının kəskin bahalaşmasına qarşı etiraz aksiyaları təşkil olunub. Etirazlar polis tərəfindən dağıdılıb.

Eks-prezident Ayaz Mütəllibov Modern.az saytına açıqlamasında həmin hadisələrə münasibət bildirib.

Sabiq prezident deyib ki, aksiyaların keçirilməsi çox vaxt lazımi nəticəni vermir.

“Belə təsəvvür yaranmasın ki, insanları meydana tökməklə dərhal aksiyalar nəticəsində bütün problemlər həllini tapacaq. Aksiyaların zərəri daha çoxdur. Çünki xarici qüvvələr birinci növbədə hər bir dövlətin daxilində baş verən belə hallardan  istifadə edir. İndiki zamanda da bəzi region ölkələrində məsələnin qarşıdurma həddinə gəlib çatmasında kənar qüvvələrin rolu var. Ona görə də aksiyaların keçirilməsində diqqətli olmaq lazımdır ki, kimlərsə bundan öz məqsədləri üçün istifadə etməsin”.

Ayaz Mütəllibov bahalaşma əleyhinə etiraz aksiyası keçirənlərin ehtiyatlı olmasını xüsusi vurğulayıb.

“Dövlət başçısının hər bir məsələ ilə bağlı tam təsəvvürü var. O, hər bir məsələ ilə bağlı ölçü götürür. Dərhal öz tapşırıqlarını verir. Ona görə də insanları meydanlara səsləmək, aksiyaların keçirilməsinə çağırış etmək doğru addım deyil. Çünki aksiyaların keçirilməsindən hər zaman xarici qüvvələr yararlanıb. Bir çox dövlətlər buna əyani sübutdur”.

Qeyd edək ki, Siyəzən və digər rayonlarda keçirilmiş aksiyalarda ümumilikdə 55 nəfər saxlanılıb.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi