Modern.az

İcra başçısı: “Ərk edib öz qohumlarıma "axmaq köpəkoğlu" demişəm”

İcra başçısı: “Ərk edib öz qohumlarıma "axmaq köpəkoğlu" demişəm”

Təhsil

14 Yanvar 2016, 13:35

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Mahmud Quliyev sosial şəbəkədə yayılmış videosundan danışıb.

Modern.az xəbər verir ki, icra başçısı lent.az-a açıqlamasında həmin videoda görüntülənən şəxsin özü olduğunu deyib:  "Mən ora getmişdim, amma bilmirəm ki, orda kim qışqırır, kim-kimi söyür. Orda elə bir söyüş də olmayıb. Bir dənə “köpəkoğlu” sözü deyilib, vəssəlam. Öz qohumlarıma demişəm ki, “axmaq, köpəkoğlu, burda nə axtarırsan?”.  

Orda heç camaat da yığışmamışdı.

Öz qohumlarımdı, ərk edib demişəm. İçib piyan olub, kafedən çıxıb yığışmışdılar. Mən dünən səhərdən bu işlə məşğulam, Cəbrayıl sakinlərindən də soruşmuşam, hamısı deyir ki, onlar bizim öz uşaqlarımızdı. Heç bir təhqir  olmayıb”.  

M.Quliyev əlavə edib ki, köçkün qəsəbələrində qiymətlərin süni artımının qarşısının alınması istiqamətində tədbirlər görülür:

“Dünən sahibkarlarla da profilaktik söhbət etmişik, süni qiymət artımına yol verməmələri tövsiyyə olunub. Dollarla gələn malın əlbəttə qiyməti qalxmalıdır. Kənd camaatının sahəsi var, malı var. Əkinlə-biçinlə məşğul olsunlar. Göy, soğan, kartof əksinlər. Mağazadan nə lazımdı ki? Bir dənə çay-qənddi də".

İcra başçısı Publika.az-a aaçıqlamasında isə videonun yayılmasına görə jurnalist-yazar Günel Mövludu ittiham edib:

“Mən heç kəsi söyməmişəm. Söyüş odur ki, kiminsə anasını, dədəsini söyərlər. O videoda söyüş var? Mən orada “rədd ol” ifadəsi işlətmişəm. "Rədd ol" söyüşdür? Onların hamısı öyrədilmiş adamlardır. Mən onlara fikir vermirəm. Mən öz yerimi, danışığımı və kimlə necə danışmağı da yaxşı bilirəm. Bütün bunları Günel Mövlud təşkil etdirib. Çünki onun atası işdən çıxıb, 2 qardaşı da narkotik maddə istifadə etdiyinə görə həbs olunub. Mən heç onları tanımıram. Ancaq o vaxt Günel Mövludun atası yanıma gəlmişdi, pul istədi, mən də ona pul verdim. Videonu da Günel Mövlud yaydırıb. Heç nədən şər-böhtan yaradırlar”. 

İcra başçısı qeyd edib ki, Cəbrayıl camaatı dövlətçiliyi və ölkə Prezidentinin yürütdüyü siyasəti dəstəkləyən və sevən insanlardır: “Cəbrayıl camaatının heç bir narazılığı yoxdur. Başçı kimi də mütəmadi olaraq əhali ilə görüşürəm, onların problemləri ilə yaxından maraqlanıram”. 

Xatırladaq ki, sosial şəbəkələrdə Cəbrayıl rayon icra başçısı Mahmud Quliyevlə Biləsuvar rayonunda məskunlaşan cəbrayıllı məcburi köçkünlərdən biri arasında dava düşməsini əks etdirən video yayılıb. 


Modern.az 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi