1990-cı ilin 20 yanvar günündə törədilmiş qanlı hadisələrin üstündən 26 il keçsə də, Azərbaycan xalqı öz fədakar oğul və qızlarını heç zaman unutmur. Həmin tarixdə keçmiş SSRİ rəhbərliyinin göstərişi ilə Sovet ordusu respublikamızın paytaxtına daxil olaraq dinc əhaliyə divan tutmuşdu. Həmin gecə müstəqillik uğrunda mübarizəyə qalxan, vətəni yadların tapdağından qurtarmağa çalışan yüzlərlə sakin vəhşicəsinə qətlə yetirilmişdi. Onların xatirəsi həmkarlar ittifaqları təşkilatları tərəfindən də hər il yad edilir.
Modern.az xəbər verir ki, hər il olduğu kimi, bu il də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) sahə həmkarlar ittifaqlarında müstəqillik uğrunda səhid olan vətən övladlarının anım günü ərəfəsində bir sıra tədbirlər keçirilir. AHİK-in tədbirlər planına uyğun olaraq 15 yanvar 2016-cı il tarixdə ənənəvi olaraq Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 20 yanvar faciəsi şəhidlərinin ailələri ilə görüş keçirilib, onlara maddi yardım göstərilib. 112 şəhid ailəsinin hər birinə 100 manat, ümumilikdə 11200 manat maddi yardım edilib.
Eyni zamanda hər bir şəhid ailəsinin problemləri dinlənilib, onların həlli üçün müvafiq qaydada addımların atılacağı diqqətlərinə çatdırılıb.
Modern.az