Modern.az

Dindarlar İlham Əliyevin çağırışına vəhdət namazı ilə cavab verdilər

Dindarlar İlham Əliyevin çağırışına vəhdət namazı ilə cavab verdilər

Təhsil

15 Yanvar 2016, 18:36



Noyabrın 15-də Bakıda Heydər məscidində cümə namazı qılınıb. Vəhdət namazı adlandırılan bu mərasimdə məzhəbindən asılı olmayaraq bütün müsəlmanlar bir araya gələrək eyni vaxtda, bir yerdə namaz qılıb, dualar ediblər.

Modern.az xəbər verir ki, bu tədbir Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin “Multikulturalizm ili” elan olunması fonunda keçirilib.

Min ildən artıqdır ki, İslam dünyasının iki böyük məzhəbinin – şiə və sünni məzhəblərinin nümayəndələri ibadətlərini fərqli şəkildə və fərqli məkanda edirlər. Tarixdə bir neçə dəfə onların vəhdətinə, birliyinə təşəbbüslər göstərilsə də, indiyədək bu təşəbbüslər davamlı xarakter almayıb.

Müsəlmanların müqəddəs kitabı - Qurani-Kərimdə Allah-Təala bütün müsəlmanları sülhə, birliyə və vəhdətə çağırır. Bu isə dini zəmində ixtilafların baş verdiyi müasir dövrdə xüsusilə aktualdır. Belə bir zamanda Azərbaycan bütün dünyaya nümunə ola biləcək növbəti addım atdı.

Dünyada sünni-şiə məsələsinin qabardığı, daha doğrusu, süni şəkildə qabardıldığı bir zamanda Heydər məscidində şiələrlə sünnilər hər gün olduğu kimi, müqəddəs günlərdən olan bu cümə günündə də növbəti dəfə vəhdət namazı qılmaq üçün bir araya gəldilər. Bu təşəbbüs Heydər Əliyevin vəfatının ildönümündən başlayıb və artıq bir neçə həftədir ki, böyük dəstək qazanaraq davamlı hal alıb.

“Heydər” məscidinin dini rəhbəri Hacı Sabir deyib ki, Azərbaycan təcrübəsində və ümumiyyətlə dünya təcrübəsində nümayiş etdirilib ki, vəhdət namazı ən sevimli namazdır, Uca Tanrı qarşısında ən qəbula yetən namazlardan biridir.

“Heydər” Məscidinin imamı Hafiz Abbasov deyib:

“Mən burada əhli-sünnə üzrə aparılan namazlara rəhbərlik edirəm. Mənim yanımda dayanan məscidin axundu isə əhli-şiə üzrə aparılan namazları idarə edir. Biz burada hər iki məzhəbin nümayəndəsi olaraq, bu gün qılınan cümə namazında iştirak etdik. Mən bir sıra müsəlman ölkələrində də olmuşam, orada əhli-sünnə üzrə qılınan namazların icra olunduğu məsciddə əhli-şiənin namaz qılması görünməmiş haldır. Eyni zamanda, əhli-şiə məscidində əhli-sünnənin namaz qılması da görünməyib. Amma Azərbaycanın əksər məscidləri məzhəbindən asılı olmayaraq, hər kəsin üzünə açıqdır, hər kəs namazlarını burada rahat şəkildə, heç bir təzyiqə məruz qalmadan icra edə bilir.

“Heydər” Məscidinin axundu Rüfət Qarayev deyib: “Mən cümə günü, eyni zamanda, vəhdət günü münasibətilə xalqımızı təbrik edirəm. Burada, əslində, cümə namazının birlikdə qılınması xalqımızın öz istəyidir, hər iki məzhəb nümayəndələrinin təklifidir. Allaha həmd olsun ki, biz buna nail olduq. Bu gün hər iki məzhəb nümayəndələri namazlarını birgə qılırlar”.

Heydər məscidində şəhidlərimizin ruhuna da dualar oxundu, israf və qənaət haqqında xütbə deyilib.

“Heydər” Məscidinin imamı Hafiz Abbasov:

“Bildiyimiz kimi, Prezident İlham Əliyev bu ili “Multikulturalizm ili” elan edib. Biz də burada qıldığımız vəhdət namazları ilə bu ilə öz töhfəmizi vermiş oluruq”.

Məscidin axundu Rüfət Qarayev: “İnşallah, ümid edirik ki, bu vəhdət namazları öz töhfələrini verəcək”.

Məscid kompleksi Prezident İlham Əliyevin tapşırığı ilə inşa olunub və 2014-cü ildə istifadəyə verilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı