Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə proqramına dair yaydığı hesabatın ardınca Vyanada keçirilən birgə mətbuat konfransında Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqının İrana qarşı tətbiq etdiyi sanksiyaları aradan qaldırdığını elan edib.
O deyib: “Bu gün İranın nüvə proqramı ilə əlaqədar multilateral və milli iqtisadi və maliyyə sanksiyaları ləğv olunur”. Bununla da valyuta transferi, sığorta əməliyyatları, eləcə də neft, qaz və digər təbii ehtiyatların idxal-ixracına qoyulan qadağa aradan qalxıb. Eyni zamanda, İranın aviaşirkətlərinə yenidən Aİ ərazisindəki hava limanlarına reyslər həyata keçirilməyə icazə verilib.
ABŞ Prezidenti Barak Obamanın da İran üzərindən sanksiyaların götürülməsinə dair müvafiq fərman imzalaması barədə xəbərlər yayılıb.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu arada BMT Təhlükəsizlik Şurası da İrana qarşı tətbiq etdiyi sanksiyaların ləğvinə start verib.
Lakin İrandan silah gətirilməsinə qoyulan qadağa qarşıdan gələn 5 il, ölkəyə nüvə texnologiyalarının verilməsinə qoyulan qadağa isə 10 il üçün qüvvədə qalacaq.
"İran 2015-ci ilin iyul ayında əldə edilmiş nüvə razılaşmasına dair bütün tələbləri yerinə yetirib". Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Yukiya Amano məlumat verib. O deyib: “Bu gün mən Birgə Kompleks Fəaliyyət Planının icrasına başlamaq üçün İranın tələb olunan lazımi hazırlıq mərhələlərini artıq başa çatdırdığını təsdiqləyən hesabatı ictimaiyyətə açıqladım”. Hesabat BAEA-nın Direktorlar Şurası və BMT Təhlükəsizlik Şurasına göndərilib.
Hesabat agentliyin müfəttişləri Birgə Kompleks Fəaliyyət Planının tələblərinin İran tərəfindən yerinə yetirildiyini təsdiqlədikdən sonra hazırlanıb və bu hesabatın müsbət olması sanksiyaların aradan qaldırılması üçün əsas şərt olub.
Baş direktor Y. Amano bildirib ki, bununla da İranla BAEA arasında əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. Götürdüyü öhdəliklərə uyğun olaraq İran BAEA ilə birgə Təhlükəsizliyə dair Sazişin əlavə protokolunun icrasına başlayacaq.
BAEA-nın müvafiq hesabatı ilə İranın nüvə proqramına dair 13 ildən bəri davam edən mübahisələrə son qoyulacağı gözlənilir. Yanvarın 16-da ABŞ baş katibi Con Kerri və İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə razılaşmasının rəsmən icrasını başlamaq üçün Vyanada görüşüblər. Görüşdən öncə “altılıq” dövlətləri (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya) İrana qarşı tətbiq olunan beynəlxalq sanksiyaların ləğvi üçün BAEA-nın müvafiq hesabat yayması şərtini irəli sürmüşdülər.
Modern.az