Modern.az

Onun yaradıcılığının üstündən xətt çəkə bilməyəcəklər

 Onun yaradıcılığının üstündən xətt çəkə bilməyəcəklər

Təhsil

19 Yanvar 2016, 21:57

 

2016-cı ilin başlanğıcında şəxsiyyəti, sənəti milli köklərə bağlı azman söz ustası Zəlimxan Yaqubu itirdik. Özümü biləndən, tanıyandan bu qara donlu xəbərləri çox eşitmişəm, arxasınca qaçdığım vaxtsız ölümləri, ömrün faciəli sonluqlarını saysam dünya boyda bir məzar yaranar. İnternet əsrinin xəbərləri nədənsə, bizi həm də sürətlə itkilərə hazırlayır, dünən bir yerdə oturub çörək kəsdiklərimizin ölümünü anındaca bizə dərd kimi yükləyir. Zəlimxan Yaqubun itkisi də belə oldu. Xəbəri hansı saytın əvvəl, hansının sonra yerləşdirməsi qovğasına çıxanlar şairin dünyasını dəyişməsi xəbərini formata uyğun yaydılar. Onsuz da son iki-üç ildə hamı şairin ağır xəstəliklə mübarizəsinin şahidi idi. Bu baxımdan, Zəlimxan Yaqubun səhhətindən dolayı yaşam uğrunda mübarizəsinin özü böyük bir əsərdir, psixoloji dramdır. On gün öncə xəstəliyinə əlac tapmaq üçün Türkiyəyə, Almaniyaya yollanan Zəlimxan Yaqubu 11-ci gün Yazıçılar Birliyində, Beynəlxalq Mətbuat Mərkəzində hansısa gənc şairin kitab təqdimatında görmək olardı. Ağrıları, acıları məharətlə gizlədib dözüm göstərən Zəlimxan Yaqubun bənzərsizliyi həm də onda idi ki, dəvət göndərilən, onu sayıb çağrılan yerə hökmən gedərdi. Onunçün dəvəti göndərənin ədəbi, siyasi dünyagörüşü, elmi titulu, yaşı maraqlı deyildi. Bəsit düşüncəli yazarın da, ədəbi asların da məclisində onun öz mövqeyi, öz sözü, öz düşüncəsi vardı. Ədəbiyyat adamlarını siniflərə, təbəqələrə, arxalı-arxasızlara, intellektuallara, qafiyəçilərə, sərbəstçilərə bölmürdü. O, xalqı necə bütöv görürdüsə, onun ədəbi şəxsiyyətlərini də bir-birindən seçmir, ayırmırdı. Hamının yanında məclisdə bir söz, arxada başqa cür danışmırdı. Özündən əvvəlki şair-yazıçıların ən müsbət keyfiyyətlərini, xarakterini əxz edib yaşadır, gələcək nəslə ötürməyə çalışırdı. Zəlimxan Yaqub keçmişlə gələcəyin ədəbi bağlarının qırılmasını ən böyük təhlükə kimi qəbul edir, bundan çəkinir, bəlkə də qorxurdu. Öz yazdıqlarından, əsla çəkinəcəyi yox idi. Başqalarından fərqli olaraq içindən, ruhundan, elat-ozan duyğusundan ərsəyə gətirdiyi emossional şeirlərinin, poemalarının gələcəyindən narahat deyildi. Bilirdi ki, xalqın saf türkcəsində yazdıqları, yersiz müdaxilələr olsa belə, hələ on illər, yüz illər boyu yaşayacaq və yaşadılacaqdı. Ozanlar onu oxuyacaq, haqqında danışılacaq, xeyirxah əməlləri xatırlanacaq, gələcək ədəbiyyat dərsliklərini tərtib edənlər istəsələr belə, onun yaradıcılığının üstündən xətt çəkə bilməyəcəklər. Çünki Zəlimxan Yaqubun bu güclü, adi və sadə məntiqi Azərbaycan insanının ədəbi estetikası, zövq, duyğusal düşüncə tarixinə söykənir.

Fiziki yoxluğundan sonra mincür hədya yazanlar, özünü müxalifətçi, fərqli təfəkkür və düşüncə sahibi hesab edərək Zəlimxan Yaqubu xalqın sözünü deməməkdə qınayanlara cavab elə Fəxri Xiyabandakı izdiham oldu. Xalq öz sevdiyinin arxasınca gedir, onu əbədi  son mənzilə yola salırdı. Özü də necə? Üzüntü, göz yaşı, açıq-aydın duyulan təəssüf hissi ilə. Şair yalan dünyadan  gerçək dünyaya köçürdü. Xalq özününkünü, öz içindən çıxanı və əsərlərini özünün dilində yazanı, dərdini paylaşanı sevir. Müasir Azərbaycan ədəbiyyatının çox kövrək qolu olan gənc ədəbi nəsilə bu xalq ehtişamı həm də bir göstəri oldu.

Zəlimxan Yaqub yaradıcılığını incələyən, kütlə və kütlə ədəbiyyatı terminlərindən yararlananlar bir həqiqəti də çox gözəl bilirlər ki, xalq və kütlə anlayışları bir-birinə ziddir. Xalqa kütlə demək ən azından savadsızlığın nəticəsidir və bu xalqın mənəviyyatı ilə oynamaq deməkdir. "Dədə Qorqud"dan, "Manas"dan, Qazi Bürhanəddindən, Yunus İmrədən, Dadaloğlundan, Molla Pənahdan, Aşıq Ələsgərdən, Dədə Şəmşirdən, Səməd Vurğundan qidalanan, mayası təmiz türkcədən doğulan Zəlimxan Yaqub poeziyası xalq ruhunun, fəlsəfəsinin inikasıdır. Dünya ədəbiyyatını, Şərq və Qərb mədəniyyətini, dünyagörüşünü natamam dərk edənlərin meydan suladığı indiki dövrdə əsl ədəbiyyat anlayışı çox təəssüf ki, düzgün qavranılmır. Ədəbiyyata hakimiyyətlər və siyasi rejimlərin ideolojisi yönündə qiymət verməyin özü də həqiqətlərin dərk olunmasına maneçilik törədir. Avropa dillərində kitab çap edib, qərbli oxucuların bircə səhifəsini belə vərəqləmədiyi, böyük ədəbiyyata iddialı müəlliflərdən fərqli olaraq Zəlimxan Yaqubun iddiası dəqiq və yerində idi. Xalqın geniş söz ehtiyatına arxalanıb milli-ədəbi nümunələr yaratmaq. Şair "Milli olmayan ədəbiyyat bəşəri deyil" tezisini qəbul edirdi. Bu, Zəlimxan Yaqubun yaradıcılığının əsas qayəsi idi ki, şair bunu böyük türk sosioloqu Ziya Göyalpdan əxz etmişdi. Və beləcə də saf türkcəyə yad kəlmələr qatmayıb, dağ suyu kimi dum-duru şeirlər, poemalar ərsəyə gətirirdi. Klassik irsə, ənənələrə söykənən və ədəbi körpü rolunu bacarıqla yerinə yetirən şairin özü öz yaradıcılığının sərhədlərini də dəqiq müəyyənləşdirərək bu dünyadan köçdü. Onun yaradıcılığının sərhədləri türk-islam dünyası, coğrafiyasıdır. İslamın hakimiyyətdə olduğu və bu gün milliliyi öləziyən Cənubi Azərbaycanda Zəlimxan Yaqub qədər sevilən, oxunan başqa bir ədəbiyyat adamını bu gün göstərmək mümkündürmü? Şairin dəfn mərasiminə gələn çoxsaylı cənublu qardaşlarımızın mətbuatdakı üzüntüləri saxta göz yaşları deyildi və bu həqiqəti hamı gördü. Türk dünyasının mərkəzi Türkiyədə də Zəlimxan Yaqub şəxsiyyətinə, milliliyinə, yaradıcılığına münasibət eynən Cənubi Azərbaycandakı münasibətin təkrarıdır. Şairin qarış-qarış gəzdiyi Anadolu torpaqları onun ölüm xəbərini böyük itki kimi qarşılayıb göz yaşı tökməyi də sevgidən, şairin türk ruhunun ifadəçisi, daşıyıcısı olmağından doğurdu. Bu da bir həqiqətdir ki, "Yunus İmrə dastanı", "İçimdə ağlayan Krım", "Sürgün" adlı əsərləri türk dünyasının yaralarının ədəbi məlhəmi, dərmanı olaraq hələ əsrlər boyu öyrəniləcək, tədqiq olunacaqdır.

İnsanlıqda, insanlıq fəlsəfəsində günah anlayışı var və həm də bu kəlam dinimizdə də keçir. Bunun fəlsəfi kateqoriya olub-olmadığını dəqiq deyə bilmərəm, amma bir məsələ var ki, həyatımızda işlədilən bu kəlam obyektivlikdən, gerçəklikdən daha çox subyektiv anlayışdır. Kimin günah daşıyıcısı olduğunu tək bilən Tanrıdır. Sağlığında şəxsiyyəti qarşısında müqəvva kimi dayananların şairin fiziki yoxluğundan istifadəyə qalxıb həqiqətdən uzaq fikir bildirmələrinin özü böyük günahdır. Bəlkə də Zəlimxan Yaqubun şeiriyyətinə, şəxsiyyətinə, köhnədən günümüzə gələn şair obrazına hörmətim onun nə vaxtsa hansısa günah sahibi olması fikrini yaxına buraxmır, heç təsəvvürümə gətirməyə belə imkan vermir. Qoca tarix isə bir həqiqəti diktə edir: Tarixi şəxsiyyətlər,  dühası dünyanı gözəlləşdirən nəhəng ədiblər həm də öz istedadının qurbanı olur.

Elə Zəlimxan Yaqub kimi.

Akif Aşırlı

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir