Modern.az

“Bizim üçün Pakistan ən yaxın müttəfiq ölkələrdəndir”

  “Bizim üçün Pakistan  ən yaxın müttəfiq ölkələrdəndir”

22 Yanvar 2016, 00:25

 

Azərbaycan Prezidenti İlham Əliyev Davosda Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Navaz Şəriflə görüşüb. Modern.az saytı xəbər verir ki, Prezident İlham Əliyev bu görüşün ölkələrimiz arasındakı münasibətlərin müzakirəsi baxımından əhəmiyyətli olduğunu bildirib.

Azərbaycan ilə Pakistan arasında əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edən dövlət başçısı ölkələrimizin beynəlxalq təşkilatlarda bir-birinə verdiyi dəstəyi yüksək qiymətləndirib.

“Bizim üçün Pakistan dünyada ən yaxın müttəfiq ölkələrdəndir və biz tərəfdaşlığımızın daha da gücləndirilməsini istəyirik”, - deyən Prezident İlham Əliyev iqtisadi əlaqələrimizi də çox güclü olan siyasi əməkdaşlığın səviyyəsinə qaldırmağın vacibliyini vurğuladı, ölkələrimizin energetika, nəqliyyat, sərmayə qoyuluşu, təhlükəsizlik sahələrində əməkdaşlıq etməsinin əhəmiyyətini bildirib.  

Dövlət başçısı Pakistanda universitetdə törədilən dəhşətli terror hadisəsi ilə bağlı Baş nazir Məhəmməd Navaz Şərifə və dost ölkənin xalqına başsağlığı verib.  

Baş nazir Məhəmməd Navaz Şərif başsağlığına görə Azərbaycan Prezidentinə minnətdarlıq edib.

O, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin Pakistanın böyük dostu olduğunu deyən Məhəmməd Navaz Şərif Pakistan xalqının Azərbaycana böyük məhəbbət hissi bəslədiyini bildirib.

Azərbaycan ilə Pakistan arasında dostluq münasibətlərinin inkişaf etdiyini deyən Pakistan hökumətinin başçısı ölkələrimizin əməkdaşlıq baxımından mövcud potensialının gücləndirilməsində maraqlı olduqlarını bildirdi, bunun üçün ciddi səylərin göstərilməsinin əhəmiyyətini vurğulayıb.  

Görüşdə münaqişələrin həllində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin böyük əhəmiyyətinin olduğu qeyd edilib.

Dövlət başçısı ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllində Pakistanın ədalətli mövqeyini yüksək qiymətləndirib.

Söhbət zamanı iqtisadi əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, hərbi sahədə əməkdaşlıq və digər məsələlər müzakirə olunub.  

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir