Modern.az

Bakı-Quba yolu buz bağlayıb - XƏBƏRDARLIQ

Bakı-Quba yolu buz bağlayıb - XƏBƏRDARLIQ

25 Yanvar 2016, 10:47


“Baş Dövlət Yol Polisi İdarəsinə xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə heç bir məlumat daxil olmayıb”.

Bu barədə Modern.az saytına məlumat verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev sürücülərə və piyadalara hava şəraitinə uyğun hərəkət etmələrini bildirir:

“Hava şəraiti ilə bağlı bildirim ki, hazırda Bakı-Quba yolunun 150 kilometrliyindən 178-ci kilometrinə qədər yolun hərəkət hissəsi buzdur, qar yağır. Lakin buna baxmayaraq, qarın təmizlənməsi üçün yollarda texnika işləyir. Bakı-Qazax yolunun Qazax rayonu ərazisində isə güclü qar yağır, buna baxmayaraq nəqliyyat vasitələrinin hərəkəti var. Digər yerlərdə isə hava şəraiti ilə bağlı çətinlik yoxdur”.

Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri respublikada  hava şəraitinin pisləşməsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə diqqət yetirməyə çağırır:

“Hələ şənbə günündən etibarən hava şəraitinin pisləşəcəyi, sulu qar və qar yağacağı, yolun hərəkət hissəsinin buz bağlayacağı barədə sürücülərə xəbərdarlıq edilib. Bu səbəbdən də bir daha yola çıxan sürücülərə metroloji şəraiti nəzərə alaraq uyğun sürət seçmələrini, yollarda son dərəcə diqqətli olmalarını tövsiyə edirik. Eyni zamanda belə havalarda nəqliyyat vasitələrini idarəetmə təcrübəsi olmayan sürücülərə mümkün qədər avtomobildən az istifadə etmələrini bildiririk.

Xüsusilə də piyadalara yolları yalnız müəyyən olunmuş ərazilərdə-yeraltı, yerüstü keçidlərdən keçməyi, nizamlanmayan piyada keçidlərində isə yolun hərəkət hissəsinə çıxarkən xüsusilə diqqətli olmağa çağırırıq. Nəzərə almaq lazımdır ki, qarlı-buzlu hava şəraitində nəqliyyat vasitələrini artıq qısa məsafədə saxlamaq çox çətin olur, tormozlama zamanı avtomobil idarəetmədən çıxır”. 

K. Əliyev əlavə edib ki, istirahət günləri (şənbə-bazar) respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 2 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölümlə nəticələnən qəzaların hər ikisi piyada vurma ilə bağlı olub. Onlardan biri Bakı şəhəri, digəri isə Bərdə rayonunda baş verib.  

Gülşən RAUFQIZI  

 
Sizə yeni x var
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir