“Müəllimə şagirdi dərs vaxtı döyməyib”. Bu barədə Modern.az-a açıqlamasında Xırdalan şəhər 9 saylı orta məktəbdən məlumat verilib. Bildirilib ki, sosial şəbəkələrdə deyildiyi kimi, müəllimə dərs vaxtı şagirdi döyməyib.
“Heç dərsdənkənar hazırlıq vaxtı da olmayıb. Şagird onun yaxınıdır və onu başa salarkən bu hadisə yaşanıb. Video da müəllimənin yaxını tərəfindən çəkilib. Hazırda Təhsil Nazirliyinin nümayəndələri məktəbdədir və müəllimə ilə söhbətlər aparılır”.
Qeyd edək ki, sosial şəbəkələrdə növbəti dəfə müəllimin şagirdə qarşı zor tətbiq edilməsini əks etdirən video paylaşılıb. Budəfəki videokadr Abşeron rayonu, Xırdalan şəhərindəki 9 nömrəli məktəbdə çəkilib.
Təhsil Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkədə yayılmış video ilə bağlı araşdırma aparılır. Məlumatda qeyd edilib ki, araşdırma bitdikdən sonra nəticəsi barədə məlumata veriləcək.
Xatırladaq ki, bundan bir müddət öncə Sumqayıt şəhəri 22 saylı orta məktəbdə müəllim şagirdi döydüyünə görə işdən azad edilmişdi.
Aytən ZƏHRA