Daxili İşlər Nazirliyi bir qrup şəxsin Şəmkirdə Ağstafanın Böyük Kəsik stansiyasından Bakıya gedən sərnişin qatarını daşa basması hadisə ilə bağlı məlumat yayıb.
Bu haqda Modern.az saytına məlumat verən nazirliyin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov hadisə ilə bağlı cinayət işi açıldığını bildirib:
“Yanvarın 22-si saat 23 radələrində Böyük kəsik-Bakı sərnişin qatarı Tovuz rayonu ərazisində hərəkətdə olarkən naməlum şəxs və ya şəxslərin xuliqanlıq zəminində kənardan atdığı daşlarla qatarın bir neçə pəncərə şüşələri sınıb. Bu zaman 2 sərnişin yüngül xəsarət alıb. Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar”.
E.Zahidov deyib ki, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları dərhal hadisə yerinə çıxıb:
“Müvafiq araşdırmalar aparıldıqdan sonra faktla bağlı Baş İdarənin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanmış, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir".
Gülşən RAUFQIZI