Modern.az

Onurğası sındırılan "Azəriqaz" işçisi əməliyyat oluna bilər

Onurğası sındırılan "Azəriqaz" işçisi əməliyyat oluna bilər

27 Yanvar 2016, 11:53


“Əməkdaşımız Məhərrəmov Məhərrəm Qamət oğlu hazırda Mərkəzi Neftçilər Xəstəxanasında palata rejimində müalicəsini davam etdirir”. Bu haqda Modern.az saytına məlumat verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib ki, həkimlərin konsultasiyasından sonra xəstə barəsində qərar veriləcək:

“Həkimlərin qərarına əsasən ya əməliyyat olunacaq, ya da müalicə şəraitində sağalmasına çalışılacaq. Xəstənin güclü ağrıları var, iynə-dərman vasitələrilə sakitləşdirirlər. Bu günki konsultasiyadan sonra qərar veriləcək”.

İ.Kərbalayev deyib ki, hadisə Xəzər Rayon Polis Bölməsində araşdırılır. Nəticələr barədə əlavə məlumat veriləcək. O, həmçinin qeyd edib ki, görülən işlər abonentlərin fasiləsiz təbii qazla təmin olunması məqsədi daşıyır:

“Qeyri-qanuni xətlər aşkarlanır, sayğacdankənar qazdan istifadə aşkarlanan zaman akt tərtib olunur. Bundan sonra da bu tədbirlərin görülməsi davam etdiriləcək.

İ.Kərbalayev ““Azəriqaz” əməkdaşlarının xidməti vəzifəsini yerinə yetirərkən təhlükəsizliyinin təmin olunması bundan sonra necə təşkil ediləcək” sualına “əməkdaşların təhlükəsizliyi qorunur” cavabını verib.

“Bu kimi halla ilk dəfə qarşılaşırıq. Əminik ki, hüquq-mühafizə orqanları məsələyə hüquqi qiymət verəcəklər.

Xatırladaq ki, dünən qeyri-qanuni qaz kəmərinin ləğvi zamanı M.Mayılov, onun övladları Samir və Rəfael tərəfindən Birliyin Təmir-tikinti İdarəsinin 4 saylı Qəza-təmir bərpa xidmətinin qaz qaynaqçısı Məhərrəmov Məhərrəm Qamət oğlu döyülərkən ona ağır bədən xəsarətləri yetirilib. Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən əməkdaşa onurğa sütununun 12-ci fəqərəsinin qırılması diaqnozu qoyulub".

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir