Modern.az

Futbolçu Cavid Hüseynov azadlığa buraxılmadı - YENİLƏNİB

Futbolçu Cavid Hüseynov azadlığa buraxılmadı - YENİLƏNİB

27 Yanvar 2016, 13:09


Bu gün Səbail Rayon Məhkəməsində mərhum jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Modern.az saytı xəbər verir ki, hakim Elmar Rəhimov sədrlik etdiyi məhkəmə iclası qapalı keçirilir. 

Cavid Hüseynovun vəkili Adəm Məmmədov prosesdə müdafiə etdiyi şəxsin barəsində həbs-qətimkan tədbirinin dəyişdirilərək azadlığa buraxılması, cinayət işinə Rasim Əliyevin ölümü ilə bağlı keçirilən əsas məhkəmə prosesi yekunlaşandan sonra baxılması barədə vəsatətlər qaldırıb.

Səbail rayon məhkəməsində futbolçu Cavid Hüseynovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində müdafiə tərəfinin vəsatətləri təmin olunmayıb. 

Məhkəmənin baxış iclası fevralın 10-na təyin edilib.

Bakı şəhər sakini, ann.tv-nin əməkdaşı Rasim Əliyev 2015-ci ilin avqust ayının 8-də paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Avqustun 9-da orada vəfat edib.

Hadisə ilə bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Faktla Elşən İsmayılov, Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib.

"Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov da R.Əliyevin döyülərək qətlə yetirilməsi ilə əlaqədar açılan cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb. C.Hüseynovun bibisi oğlu E.İsmayılovun təşkilatçılığı ilə ağır cinayətin hazırlanmasını bilərək bu barədə xəbər verməməsi, cinayətin törədilməsindən sonra isə qabaqcadan vəd etmədən onun gizlədilməsinə yönələn hərəkətlərə yol verməsində əsaslı şübhələr olduğundan ona Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Şəhər Prokurorluğunda başlanan cinayət işinin istintaqı keçən il dekabrın 22-də tamamlanıb. K.Mədətov, C.Məmmədov və S.Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), E.İsmayılov və A.Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından C.Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılıb və "Qəbələ"nin futbolçusunun işi Səbail Rayon Məhkəməsinə göndərilib.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir