“Olur , olur, belə işlər də olur” silsiləsindən
Yazının sərlövhəsi bəlkə də çoxlarına qəribə gələcək. Necə yəni, top sizdədir, cənab... Təbii ki, bu üç nöqtənin yerinə istənilən vəzifə adı, mənsəb və nüfuz ünvanı yerləşdirmək mümkündür. Mətləbdən uzaqlaşmayaq. Qələm dostlarımdan birinin rastlaşdığı mənzərəni necə var, o cür də yazıya gətirməyə çalışacağam. Təbii ki, bəzi mülahizələrə görə konkret ad və ünvan göstərməmək şərti ilə.
Yaşıltəpə Ərazi İdarəsinə təzə rəisin gəlişi özü ilə bir sıra maraqlı yeniliklər də gətirmişdi. Avropa ölkələrini eninə-uzununa dəfələrlər səyahət eləmiş Zakir müəllim orada rastlaşdığı adət-ənənələri eyni ilə Yaşıltəpəyə də daşımağı qərarlaşdırmışdı. O, səhərlər şəhər parkında gəzişir, bir xeyli qaçır, turnikdə dartınırdı. Sonra pörtmüş və tərləmiş sifətini, qollarını dəsmalla qurulayır, velosipedini minib evə, özü demişkən “zavtrak”a tələsirdi. Saat onun yarısında isə həmin velosipedlə Ərazi İdarəsinin yerləşdiyi ikimərtəbəli binanın qənşərində peyda olurdu. Mühafizəçi serjant onu əsgəri qaydada salamlayıb velosipedi idarənin həyətində məxsusi ayrılmış meydançaya aparırdı. Təbii ki, rəisin qorxusundan ya da ki, ədəb-ərkana görə ikinci bir məmur velosipedlə işə gəlməzdi və bu işi heç ağlına da gətirməzdi. Zakir Nəsiroviç ( o, Bakıdan gələn qonaqlara özünü məhz bu cür təqdim edirdi ) rəsmi tədbirlərə, qonşu rayonlara xidməti maşını ilə gedir, şəxsi velosipedinə isə bir də evə gedəndə minirdi. İnsafən yaxşı da sürürdü. Heç nədən çəkinmir, qırmızı işığı da birbaşa keçirdi. Rəisin velosipedi rayon mərkəzində görünəndə polis bütün maşınlara birmənalı “dur” komandası verirdi ki, Zakir müəllim şəhərin küçələri ilə sərbəst, təhlükəsiz şütüsün. Necə də olsa rayonda həm vəzifəsinə, həm də ki, bütün parametrlərinə görə birinci və əvəzedilməz adam idi axı Zakir Nəsiroviç.
Yeni rəis bir gün idarə işçilərinin toplantısında qəfil bir göstəriş verdi: - “Üç gün sonra şəhər stadionunda futbol yarışları başlanır. Ərazi İdarəsinin komandası isə ilk görüşdə qonşu rayonun Ərazi İdarəsinin komandasını qəbul edəcək. Özüm də hücumda olacağam. Qonaqlar şənbə günü saat beşdə burada olacaqlar. Saat altıda şəhər stadionunda yarış başlanacaq. Tamaşaçıların sayı da iki mindən az olmamalıdır.”
Rəsinin tapşırığı sözün əsl mənasında zalda şok effekti yaratdı. Üç gün ərzində yuxuyagəlməz işlər görülməli idi. Hər kəsi bir sual düşündürürdü – futboldan xəbərsiz, ömründə ayağına top dəyməmiş, harın, yekəqarın, sallaqbuxaq əməkdaşlar görəsən doxsan dəqiqə ərzində meydançadan sağ-salamat çıxa biləcəkdilərmi ? Təşkilat şöbəsinin müdiri bu sualı özünə azı yüz dəfə versə də başqa əlacı yox idi. Kənardan oyunçu götürməyə də qorxurdu. Rəis bilsə dərisini soyardı. Nə isə, qismən cavan işçilərdən ibarət bir komanda düzəltmək mümkün oldu. Məmurlar ürəklərində söysələr də üzdə heç nə deyə bilmirdilər. Əks halda gərək işdən gedəydilər. Bütün idarələrə, müəssisələrə, məktəblərə göstəriş verildi ki, stadionu doldursunlar, rayonun idman şərəfini ləyaqətlə qoruyanlar barədə şüarlar, transparatlar da gətirsinlər.
...Təşkilar şöbəsinin müdürü Əfraim müəllim futbola az-çox bələd olduğundan mərkəz hücumçuluğunu öz üzərinə götürmüşdü. Oyunun ilk dəqiqələrində topu əlinə (daha doğrusu ayağına) keçirən müdir onu ayağının altında möhkəm-möhkəm sıxıb üzü Zakir müəllimə sarı yalquzaq kimi, ancaq yaltaqlığı açıq-aşkar sezilən notlarla ulamağa başladı.
- Cənab rəis, cənab rəis, xahiş edirəm tez gəlin, qolu özünüz vurun.
Onun bu çığırtısı bütün stadionda gülüşlə və daha sonra çəpiklə qarşılandı. Amma bilmək olmurdu ki, bu alqışlarla onu lağa qoyurlar, yoxsa rəisi ruhlandırırlar ki, gedib şöbə müdirünün ayağı altındakı topu qonşu rayonun komandasının qapısından keçirsin...