Modern.az

Musa Quliyev: “Heç kəs xaricə müalicəyə getməyi anormal qəbul etməsin”

Musa Quliyev: “Heç kəs xaricə müalicəyə getməyi anormal qəbul etməsin”

Təhsil

27 Yanvar 2016, 14:54

Hər il minlərlə azərbaycanlı müalicə və müayinə olunmaq üçün xarici ölkələrə, xüsusilə də İran İslam Respublikasına üz tutur. Ekspertlər hesab edir ki, vətəndaşların bu ölkə səhiyyəsinə müraciətinin əsas səbəbi maliyyə ilə bağlıdır. Belə ki, İranda tətbiq edilən səhiyyə xidmətləri Azərbaycanla müqayisədə xeyli ucuz idi. Amma son illər iranlı həkimlər də azərbaycanlılara göstərdikləri səhiyyə xidmətlərinin qiymətini qaldırıb. Eyni zamanda son zamanlar İrana müalicəyə gedən həmvətənlərimiz arasında müsbət nəticə əldə etmədən geri qayıdanlar var artıb. Son olaraq 10 aylıq azərbaycanlı Qorqud Dadaşzadənin yanvarın 21-i günorta saatlarında İran İslam Respublikasının Təbriz şəhərində yerləşən "Kudəkan" (Uşaqlar) xəstəxanasında ağciyərinə düşən infeksiya nəticəsində dünyasını dəyişməsi və meyitin ailəsinə verilməsilə bağlı problemlər günlərcə mətbuatda müzakirə olundu.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Modern.az saytına deyib ki, ölkə səhiyyəsinin inkişaf etdirilməsi nəticəsində vətəndaşların müalicə üçün kütləvi olaraq xaricə üz tutması halları xeyli azalıb:

“Turizmin səhiyyə deyilən bir növü də var ki, bu da dünyada geniş yayılıb. İnsanların Azərbaycandan qonşu ölkələrə müayinə və müalicə üçün getməsi normaldır. Əvvəlki illərdə vətəndaşların kütləvi şəkildə xaricdə müalicəyə üstünlük verməsinin ciddi təşkilatı və maliyyə səbəbləri vardı. Amma son illər ölkədə səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi, yeni səhiyyə müəssisələrinin yaradılması, ölkəyə müasir tipli texnologiyaların gətirilməsi, yüksək ixtisaslı kadrların Azərbaycan səhiyyəsinə cəlb olunması bu tendensiyanın qarşısını alıb. Artıq Azərbaycandan istər İrana, istər Türkiyəyə, İstər Rusiyaya, yaxud başqa ölkələrə müalicə və müayinə üçün gedənlərin sayı azalıb”.

Bununla belə, M.Quliyev xaricə müalicəyə getmə hallarının davam edəcəyini də bildirib:

“Yenə də müalicə üçün xaricə gedənlər olacaq və heç kəs də bunu anormal qəbul etməsin. Necə ki, insanlar gəzmək, istirahət etmək, ticarət üçün başqa ölkələrə üz tutur, səhiyyə də insanların tələbatlarından biridir. Ona görə də insanlar bu xidmətdən öz seçimlərinə əsasən yararlana bilər.

Hazırda kütləvi şəkildə xaricdə müalicəyə üstünlük verilməsi müşahidə edilmir. Ölkəmizdə bəzən hətta Türkiyə və İrandan da üstün səhiyyə xidmətləri təklif edilir.

Bununla yanaşı, özəl sektorda tibbi xidmətin  həddindən baha olması, səhiyyə sektorunda maddi-texniki bazanın kifayət qədər yüksək olmaması müəyyən səhiyyə problemlərinin qalmasından xəbər verir.

Hesab edirəm ki, bu ildən pilot layihə olaraq gerçəkləşəcək icbari tibbi sığorta sistemi tətbiq olunandan sonra vəziyyət stabilləşəcək. Artıq icbari tibbi sığortanın tətbiqinə start verilib. Bu il layihə sınaqdan çıxarılacaq. Növbəti ildən isə yəqin ki, ölkə üzrə tətbiqi reallaşacaq”.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir