Yanvarın 27-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Tədbirdə müzakirə olunan məsələlərdən biri AMEA-nın İşlər İdarəsində Elm və Texnologiya Parkının yaradılması ilə bağlı olub.
AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elmi-innovativ fəaliyyətin gücləndirilməsi, elm və istehsalat əlaqələrinin müasir tələblər səviyyəsinə qaldırılması təşkil edir. Qeyd edib ki, beynəlxalq təcrübəyə əsasən innovativ layihələr ilk olaraq müvafiq qaydada təsis edilmiş elmi-texniki şurada ekspertizadan keçirilməli, daha sonra ideya, konsept, prototip və hazır məhsul mərhələlərinə müvafiq olaraq biznes inkubasiya mərhələsinə təqdim olunmalı, texnologiyaların transferi funskiyası üzrə inkişaf etdirilməli və prototipin müsbət rəy almasından sonra sənayedə kütləvi istehsal üçün hazırlanmalıdır. Bu baxımdan AMEA-da innovasiya siyasətinin hazırlanması və icrası, eləcə də müvafiq tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi üzrə fəaliyyət göstərən İnnovasiya şöbəsi ilə yanaşı, yuxarıda göstərilən innovativ prosesin praktik təcrübədə həyata keçirilməsini təmin edən müvafiq struktur qurumun yaradılması zəruridir.
Qeyd olunanları nəzərə alaraq, həmçinin innovativ layihələrin sənayeyə tətbiqi mexanizmlərinin qurulması, real təcrübə-konstruktor işlərinin aparılması və elmi-texniki yeniliklərin sənaye üçün kütləvi istehsala hazır vəziyyətə gətirilməsinə nəzarəti təmin etmək məqsədilə Rəyasət Heyəti İşlər idarəsində Elm və Texnologiya Parkının yaradılması və Əsasnaməsinin təsdiq edilməsi haqqında qərar qəbul edib.
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yanvarın 27-də keçirilən iclasında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev “Multikulturalizmin elmi-nəzəri əsasları və Azərbaycan reallığında inkişaf perspektivləri” mövzusunda məruzə ilə çıxış edib.
Sonra mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
AMEA Rəyasət Heyətinin qərarı ilə AMEA-nın nəzdində Multikulturalizm problemləri üzrə institutlararası elmi tədqiqat virtual mərkəzi təsis ediləcək. 2016-cı ildə AMEA, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun iştirakı ilə “Dünya multikulturalizm modelləri” mövzusunda lektoriya təşkil olunacaq. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi ilə birgə “Multikulturalizm ensiklopediyası” hazırlanacaq. Bundan əlavə, akademiyada fəlsəfə doktoru və elmlər doktoru hazırlığı proqramları çərçivəsində elmi fəaliyyətlə məşğul olanlara multikulturalizm üzrə elmi tədqiqat mövzularının verilməsi nəzərdə tutulub.
Modern.az