Modern.az

Milli Məclisdə dərmanlarla bağlı düzəlişlər tənqid edildi

Milli Məclisdə dərmanlarla bağlı düzəlişlər tənqid edildi

Təhsil

28 Yanvar 2016, 17:01

 

"Azərbaycana idxal olunan dərmanların yenidən Əlavə Dəyər Vergisinə (ƏDV) cəlb olunmasının  Vergilər Məcəlləsinə edilən düzəlişə heç bir ehtiyac yoxdur".  

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kəmaləddin Qafarov komitənin 2016-cı il yaz sessiyasının qanunvericilik işlər planının müzakirəsi zamanı çıxışında deyib.  

Onun sözlərinə görə, 2000-ci illərin əvvəllərində idxal olunan dərmanlar ƏDV-dən azad edilib. Deputat bildirib ki, ötən ilin payızında parlamentdə Vergilər Məcəlləsinə düzəlişdə  idxal olunan dərmanların yenidən ƏDV-yə cəlb edilməsi nəzərdə tutulub.  

"Hesab edirəm ki, bu dəyişiklik geriyə doğru atılmış addımdır. Hazırda ölkədə dərman qıtlığı yoxdur. Amma bu düzəliş aradan qaldırılmazsa, ölkədə dərman qıtlığı yarana bilər". Komitənin sədr müavini Musa Quliyev də deputat həmkarının fikirlərini dəstəkləyib.

Deputatın fikrincə, dünyada xəstəlik və xəstələr hesabına büdcənin doldurulması deyilən bir anlayış və praktika yoxdur.   “Dünya ölkələrinin əksəriyyətində idxal olunan dərmanlar ya tam ƏDV-dən azad olunublar, ya da cüzi şəkildə bunu saxlayıblar. Ona görə bu düzəliş təcili aradan qaldırılmalıdır".  

Komitənin sədri Əhliman Əmiraslanov isə əlavə edib ki, bu işlə, bütövlükdə səhiyyə ictimaiyyəti və Səhiyyə Nazirliyi məşğul olmalıdır:  

"Biz mütləq bir yerdə bu məsələyə baxmalı və həmin dəyişikliyin Vergilər Məcəlləsindən çıxarılmasına nail olmalıyıq".  

Ağa AKİFOĞLU

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir