Modern.az

Binəqədidə söküləcək evlərin sakinlərinə yeni mənzillər veriləcək

Binəqədidə söküləcək evlərin sakinlərinə yeni mənzillər veriləcək

28 Yanvar 2016, 17:23


Binəqədi rayonu ərazisində söküləcək evlərlə bağlı artıq İcra Hakimiyyətinin təsərrüfat şöbəsi tərəfindən qərar qəbul edilib. Bu barədə Modern.az-a Binəqədi Rayon İcra Hakimiyyətindən məlumat verilib.

İcra Hakimiyyətinin rəsmisi Rəvanə Əliyeva Modern.az-a açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, Binəqədi rayonu üzrə 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binasının, həmçinin Biləcəri bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evinin sökülməsi nəzərdə tutulub.  O qeyd edib ki, 49 çoxmənzilli bina yalnız bir ərazidə deyil, Binəqədi rayonunun ayrı-ayrı qəsəbələrindədir.

R.Əliyeva həmçinin vurğulayıb ki, yanvarın 22-də qərar qəbul edildikdən sonra yalnız bir şirkət söküləcək mənzillərin yerində çoxmərtəbəli yaşayış binasının tikilməsi ilə bağlı müraciət edib.

““Relt House” şirkəti Azadlıq prospekti ilə Zahid Qəmbərov küçələrinin kəsişməsində olan 5,7 və 9 saylı binaların yerinə çoxmərtəbəli bina tikintisi ilə bağlı müraciət edib. Sakinlərin özlərinin razılığı əsasında bu işlər həyata keçiriləcək. Söküntü və tikinti prosesi gedən müddətdə sakinlər şirkət tərəfindən kirayə evlərdə yerləşdiriləcək və tikinti başa çatdıqdan sonra onlara öz evlərindən 5-10 kvadrat metr daha çox olan yeni mənzillərlə təmin olunacaq”.

R.Əliyeva vurğulayıb ki, hazırda layihələndirmə işləri gedir və prosesə nə zaman başlanacağı məlum deyil.

Nazirlər Kabinetinin qərarına əsasən, Binəqədi Rayon İcra Hakimiyyəti və Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti 5 il müddətinə mülkü, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən tikililəri sökməlidir.

Binəqədi rayonu üzrə 1247 ailə yaşayan 49 çoxmənzilli yaşayış binasının, həmçinin Biləcəri bələdiyyəsi ərazisində yeraltı qaz sızması aşkar olunmuş zonadakı 166 fərdi yaşayış evinin və Qaradağ rayonunun Lökbatan, Sahil, Puta, Qızıldaş və Ələt qəsəbələrində XIX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş, 10 960 nəfər yaşayan 274 qamış və taxta yaşayış binalarının, habelə Binəqədi və Qaradağ rayonları ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış obyektlərinin sökülməsi və yenidən qurulması nəzərdə tutulur.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza