Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təqdim olunmuş 28 yanvar 2016-cı il tarixli 16-00022-2016 nömrəli məktuba istinad edərək bildirir ki, “Gəncəbank” ASC-nin öhdəliklərinin icrasına, o cümlədən əmanətlər üzrə öhdəliklərinin yerinə yetirilməsinə moratorium tətbiq edilib. Fonddan Modern.az saytına verilən məlumatda belə deyilir.
Qeyd edilir ki, bununla da “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1.9-cu maddəsinə müvafiq olaraq sığorta hadisəsinin baş verməsi və “Gəncəbank” ASC-nin əmanətçilər qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi faktı Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilir.
Əmanətlərin Sığortalanması Fondu “Gəncəbank” ASC-də sığorta hadisəsi baş verməsi barədə ictimaiyyəti məlumatlandırır və bildirir ki, 28 yanvar 2016-cı il tarixi “Gəncəbank” ASC-də sığorta hadisəsinin baş verdiyi gün hesab olunur.
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə uyğun olaraq, 7 təqvim günüərzində “Gəncəbank” ASC-nin qorunan əmanətçilərinə kompensasiyaları ödəmək üçün seçilmiş Agent banklar və kompensasiyaların ödəniş tarixi və yeri haqqında əlavə məlumat veriləcək.
Fond məlumat üçün bildirir ki, “Gəncəbank” ASC-də qorunan əmanəti olan əmanətçilərin əmanətlərinin 30 (otuz) min manata qədər olan hissəsinin kompensasiya ediləcəyinə təminat verir, 30 min manatdan çox olan hissə isə ləğvedici tərəfindən qanunvericiliyə uyğun olaraq ödəniləcək.
Gülşən RAUFQIZI