Modern.az

“Lisenziyalar məsələsi öz həllini tapacaq”

“Lisenziyalar məsələsi öz həllini tapacaq”

29 Yanvar 2016, 15:27

Məlum olduğu kimi “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi ötən il parlamentin iclasında müzakirəyə çıxarıldı. Qeyd edək ki, layihədə lisenziya və icazəyə tələb olunan fəaliyyət növlərinin müəyyən edilməsi meyarları göstərilir. Həmçinin lisenziya və icazə sistemlərinin dövlət tənzimlənməsinin prinsipləri, lisenziya və icazələrin verilməsi, yenidən rəsmiləşdirilməsi, fəaliyyətinin dayandırılması, bərpa edilməsi, ləğvi qaydaları, lisenziya və icazə verən orqanların və onların vəzifəli şəxslərinin məsuliyyətinin tənzimlənməsi qanun layihəsində əksini tapıb.

Qeyd edilib ki, qanun layihəsində digər qanunlarda müddət nəzərdə tutulmayıbsa, lisenziyaların verilməsinin müddətsiz olması, qanun dövründə qüvvədə olan lisenziyalara da bu məsələnin şamil edilməsi, sahibkarlıq subyektlərinin lisenziyalar və icazələr verilən qurum tərəfindən məsləhət və tövsiyə üçün dəvət olunması, sərf edilən vaxtın azaldılması, “bir pəncərə” prinsipinin tətbiqi, tənzimləyici təsirin təhlili və lisenziyaların 10, icazələrin 7 iş gününə verilməsi nəzərdə tutulur. Layihədə elektron lisenziya portalının yaradılması da nəzərdə tutulur.

Eyni zamanda qanun layihəsinin yenidən müzakirəyə çıxarılması gözlənilir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az saytına deyib ki, bu vaxta qədər lisenziyaların sayı həddindən artıq çox idi: “Milli Məclisin iclaslarında bu məsələyə bir neçə dəfə toxunmuşuq. Çox razıyıq ki, cənab Prezident də qanun layihəsi göndərdi, layihə parlamentə daxil olduqdan bir neçə gün sonra xüsusi qərar imzalayaraq lisenziyaların ümumi sayını 39-a endirdi. Buna qədər lisenziyaların sayı həddindən çox idi. Hər bir nazirlikdə çox sayda lisenziya vardı. Bir çox lisenziyanın ləğv olunması müsbət haldır”.

V.Əhmədov bütün lisenziyaların “ASAN xidmət” mərkəzlərinə verilməsinin tərəfdarı olduğunu deyib:

“Dövlət əhəmiyyətli, təhlükəsizlik, insanların sağlamlığı üçün əhəmiyyət kəsb edənlər saxlanıldı. Biz bütün lisenziyaların “ASAN xidmət” mərkəzlərinə verilməsinin tərəfdarıyıq. Bu barədə də ölkə başçısının göstərişi var. Qanun layihəsi müzakirə olunub. Yəqin ki, növbəti zamanlarda lisenziyalar məsələsi öz həllini tapacaq.

Çünki, lisenziyaların sayının çox olması, bürokratik əngəllərin olması ilə bağlı sahibkarlar tərəfindən narazılıqlar gəlirdi. Nəhayət ki, qanunun qəbul olunması ilə qeyd edilən problemlər aradan qalxacaq”.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza