"Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsi inqilabidir. Bu qanun layihəsi birinci oxunuşdan keçib. Hazırda ikinci oxunuş üçün qanun üzərində iş aparılır. Nəzərdə tutulur ki, aprel ayında bu qanunu plenar iclasda müzakirəyə çıxaraq”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov sözügedən komitənin iclasında deyib.Deputat bildirib ki, xırda fermer təsərrüfatlarının birləşdirilməsi üçün bu qanun layihəsi çox yaxşı addımdır: “Taxtakörpü su anbarı altında 35 min hektar yeni sahə istifadəyə veriləcək. Suvarılan sahələr Dəvəçi, Şabran, Xızı, Abşerondur. Yeni istifadəyə verilən torpaqlar kənd təsətrrüfatı məhsullarının istehsalını artırmağa imkan yaradacaq. Hazırda elektron monitorinq aparılır. Peykimiz vasitəsilə boş torpaqlar çəkilir. Həmin boş torpaqlar da kənd təsərrüfatına cəlb olunacaq. Torpaqlardan 50 sentiner həcmində məhsul götürə bilsək, nəinki 10 milyon, 15 milyon əhalini də kənd təsərüffatı məhsulları ilə təmin etmək imkanımız olacaq.
Kənd təsərrüfatının sığortası ilə bağlı söhbətlər də gedir. Bizdə olan qanun köhnə bir qanundur. Onunla əlaqədar da planlarımız var. Biz artıq yeni sistemə keçirik. Artıq paylanılmış xırda fermer təsərrüfatları kooperativləşməsi üçün belə bir qanun qəbul edirik. Cənab prezident tapşırıb ki, 50 belə təsərrüfat yaradılsın.
Artıq bir çox təsərrüfatlarda bu işlər gedir. Taxıl üçün əlavə dəyər vergisi ləğv olunub, çörəyin bahalaşmasının qarşısı alınıb. Digər böyük güzəştlər də əsas verir ki, kənd təsərrüfatı məhsullarını artıraq. Kənd təsərrüfatı məhsullarını artırmaq icra strukturunda sahibkarlardan asılıdırsa, biz də sahibkarlar üçün yaxşı qanunlar qəbul etməliyik. Bir neçə gün bundan öncə cənab prezident keçirdiyi müşavirədə bütün sahələri nəzərdən keçirdi. O cümlədən də kənd təsərrüfatı sahəsindən danışdı.
Dövlət başçısınn qeyd etdiyi kimi pambıqçılığın inkişaf etdirilməsi vacibdir. Əkilən məhsulun əksəriyyəti emala verilir və bundan hazır məhsullar alınır”.
Komitənin sədr müavini Eldar Quliyev isə bildirib ki, bu gün ölkəmizdə qanunların qəbul olunmasına baxmayaraq bəzi aqrar sahələr hələ də inkişafdan geri qalır:
“2010-cu ildə “Pambıqçılıq haqqında” qanun qəbul olunub. Çox təəssüflər olsun ki, bu günə qədər o qanunun effektini görə bilməmişik. Əsas səbəblərdən biri odur ki, pambıq yığılandan sonra çox ucuz satılır. 42 qəpiyə hansı kəndçi məhsul yığıb onu satar?
Pambığın satış qiymətinə yenidən baxmaq və dövlət tərəfindən nəzarət etmək lazımdır. Əlavə torpaq sahələri ayrılmalıdır ki, bu sahəni inkişaf etdirək. Ənənəvi kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür.
Bu sahə də son illərdə tənəzzülə uğrayıb. Bu sahənin də inkişafı önəmlidir. Baramaçılıq sahəsini də yaddan çıxarmışıq. Bu sahədə xammal yoxdur”
Ağa AKİFOĞLU