Modern.az

Dini Komitə daha 9 dini icmaya maliyyə yardımı ayırdı

Dini Komitə daha 9 dini icmaya maliyyə yardımı ayırdı

29 Yanvar 2016, 17:31


Yanvarın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış daha 9 dini icma sədrinin iştirakı ilə toplantı keçirilib.
Modern.az xəbər verir ki, toplantıda Dövlət Komitəsi sədrinin birinci müavini, şöbə müdirləri və dini  icmaların rəhbərləri iştirak ediblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxış edərək, Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı müvafiq Sərəncamın əhəmiyyətindən danışıb. O bildirib ki, maliyyə vəsaitinin ayrılması ilə bağlı icmalar tərəfindən təqdim edilən layihələrin məqsədi yerlərdə dini maarifləndirmə işlərinin genişləndirilməsidir. Eyni zamanda, Komitə sədrinin birinci müavini dini icma sədrlərinə məzhəblərarası qarşıdurmaya sövq edən hərəkətlərin qarşısını almağı, rəhbərlik etdikləri icmaların radikalizmlə ideoloji mübarizə istiqamətində fəaliyyət göstərmələrini, ümummilli maraqlardan çıxış etmələrini tövsiyə edib.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq 96 dini icmaya maliyyə yardımı ayrılıb ki, bunlardan 19-u qeyri-islam, 77-i isə İslam dini icmasıdır. İcmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edir. 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza