Milli Məclisdə növbəti qəbul günü keçirilib. Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəblinin keçirdiyi qəbulda 57 nəfər vətəndaş iştirak edib. Komitədən Modern.az saytına verilən məlumata görə, son vaxtlar şikayətlərin xarakterində bir sıra dəyişikliklər baş verib. Hər dəfə olduğu kimi şikayətçilərin bir qrupu Qarabağ əlilləri və müharibə veteranlarıdır.
Onlar Prezident İlham Əliyevin təşəbbüsü ilə Qarabağ əlillərinə ayrılan nəqliyyat vasitələri və mənzillərin verilməsi ilə bağlı müraciət edirdilər.
İnsanlar onların bəzilərinə xəstəlik və ya bir sıra səbəblərə görə avtomobil ayrılmamasına narazı olduqlarını bildirərək göstəriblər ki, iki ayağı olmayan I qrup Qarabağ əlillərinə maşın verilir, ancaq kontuzija olmuşa verilmir, hamı bilir ki bütün hallarda nəqliyyat vasitəsini onların ailə üzvlərindən biri idarə edir.
Müraciətlərdən bir neçəsi isə Çernobl hadisələrinin və Əfqanıstan döyüşləri iştirakçılarının da Qarabağ əlillərinə bərabər tutulması istəyi idi. Əlillərə mənzil verilməsində növbələrin gec çatmasından şikayətlənən insanların narazılıqları da başadüşülən idi.
Digər bir məsələ isə əlil və xəstə insanların xaricdə müalicə olunmaları üçün xeyriyyə fondlarının cəlb edilməsi istəyi idi. İşlə təmin olunmaq üçün müraciət edənlərin isə onlara verilən işlərin öz istədikləri kimi populyar iş yerləri olmaması səbəbilə bu işlərdən imtina edib daha yaxşı iş yerləri istədikləri aydın oldu.
Qəbulda olanların böyük əksəriyyətinin qaldırdığı məsələlər yerindəcə həll olunub, bir sırasına aydınlıq gətirilib, digərləri isə şöbə əməkdaşları tərəfindən gündəlik nəzarətə götürülüb.
Modern.az