Yanvar ayında “Qanlı yanvar” bədii filmi efirlərə çıxdı. Bədii film yayımlanan gündən film ətrafında müxtəlif fikirlər səsləndirilməyə, müzakirələr açılmağa başlanıldı. Elə buna görə, mən də film haqqında fikirlərimi bildirmək qərarına gəldim. Onu da deyim ki, kino sənətindən, kinemotoqrafiyadan o qədər də geniş anlayışım yoxdur. Amma, sadə bir tamaşaçı fəhmimlə gördüklərimi və hiss etdiklərimi paylaşmaq istədim. “Qanlı yanvar” bədii filmində münasib olmayan vaxtda (saat 22.01-22.04) rusca söyüş məzmunlu söz və ifadələr səsləndirildi. (Qeyd edək ki, rusca səsləndirilən söyüşlər subtitrlərdə tərcüməsiylə verildi). Heç olmasa söyüşlərin tərcüməsi yumşaldılmışdı. Aydındır ki, əhali rusca gözəl başa düşür və jarqondakı əxlaqsız ifadələri də eşidir, az bir insan titr oxuyur (oxuculardan üzr istəyirik):
· Двигай копытами! (Tez ol, tez ol yanıvı tərpət!)
· …
· Давай блядь! (Tez ol, əclaf!).
· Allah sənin bəlanı versin, ay atasından bixəbər!
· – Что ты по-исламски мямлешь? (Nə danışırsan sən orda islam dilində?)
· Ay oğraş!
· Ты педа, вставай блядь! (Ey peysər, nə oturmusan?)
· …
· Мать твою, вставай блядь! (Sənin ananı, qalx ayağa!)
·…
· Кто cтрелял, кто? (Kim atdı? Hansı it oğlu? )
· Не стрелял, а стреляла. (İt oğlu yox, it qızı).
· Ты блядь? (Sən fahişə?)
· Не блядь, а голубка. (Fahişə yox, göyərçin..)
“Qanlı yanvar” filminin ssenari müəllifi və rejissoru Vahid Mustafayevdir. Bu bədii film onun “Yaddaş” və “Xoca” filmlərindən sonra sayca üçüncü bədii filmidir. Filmdə rolları məşhur türk aktrisası Nebahat Çehre, amerikalı aktyor Leyn Deyvis, Azər Aydəmir, Yuri Balıyev, Faiq Mirzəyev, Minalar, Tamilla Həmidova və digərləri oynayıb. Meyxanaçı Namiq Qaraçuxurlu və onun ifasında meyxana da filmə Meydan hərəkatının tonqalbaşı məşğuliyyətlərinin bir milli elementi kimi daxil edilib. Təkcə meyxana deyil, Azərbaycan milli mədəniyyətinin bir simvolu olan Azərbaycan yallısı da filmdə obrazlar vasitəsilə canlandırılıb. Bunlar çox gözəl… Amma bu filmdə əsasən Azərbaycanın qəhrəmanlıq səlnaməsini, şanlı tarixini və bu tarixi qanı ilə yazan şəhidləri real faktlar əsasında doğru-dürüst vermək gərəkirdi.
Filmi uğurlu və uğursuz tərəfləri ilə belə xarakterizə etmək olar: bərbad dil leksikonu, pafos, aktyor süniliyi, dramatikləşdirilmiş uzunçu dialoqlar, qan bolluğu, bəzi tarixi təhriflər, süjetsizlik və fraqmental dokumentallıq, dövrəuymayan üzlər, ən nəhayət nəzm əsərlərinə xas olan söz oyunu.
Bir sözlə, bu bədii film haqqında fikir söyləmək çox çətindir. Onu kinematoqrafik psevdo məhsul adlandırmaq olar.
Tarixi təhriflər: Azadlıq və müstəqillik uğrunda, Azərbaycan torpaqlarına ərazi iddialarında olan ermənilərin özbaşınalığına qarşı meydanlara çıxan vətənpərvər insanlar, bəzən filmdəki obrazların diliylə ekstremist, təxribatçı, partizan, silahlı bir qrup kimi verilib. Bu isə təəssüf hissi doğurmaya bilmir. Çünki, nəinki bizə bütün dünya ictimaiyyətinə də məlumdur ki, 20 yanvar gecəsi müstəqillik, azadlıq uğrunda küçələrə çıxan əliyalın insanlar idi. Onlara qarşı ağır texnikadan və odlu silahlardan atəş açılıb. Dinc əhali gülləbaran edilib. Amma filmdə qəhrəmanlar odlu silahlarla “silahlandırılıb”. Bu, qorxunc tarixi səhvdir və düşmənlərin dəyirmanına su tökür.”Qanlı yanvar” tarixi təhrif edərək rusların və ermənilərin əlinə özlərinə haqq qazandırmaq üçün əsas verir, zənnimcə.
Bir çox ifadələrdəki pafos: “İmam Əli əleyhissəlam demişdir ki, qılınc yalnız kəsmək üçün qından çıxmalıdır”, “Oğlum, əgər bir nəfər itaətsizlik eləyirsə, bu cinayətdir, amma minlərlə adam bunu eləyirsə, bu artıq inqilabdır”, “Yoldaşlar, bizə qələbə lazımdır, birincisi, qaliblər mühakimə olunmur, ikincisi tarixi yalnız qaliblər yazır”, “Sovet imperiyası məscidimizi, dilimizi, dinimizi, məktəblərimizi əlimizdən alıb”.
Ədəbsiz, qeyri-etik leksikon filmdə tez-tez hiss edilməkdədir: “Tumanına s…anların barmağı da qanamayıb”, “Aramızda siçovul var, tutun onu və x…alarını qoparın”. Dövrəuymayan üzlər: Rejissor qadın obrazlardan birinin diliylə ağır texnikanın Bakıya girişini belə xarakterizə edir: Bu tank deyil. Bu bizim milli dirçəlişimizdir. Müstəqillik Azərbaycana bu qədər yaxın olmamışdı. Bu Alov ya alışıb hamımızı külə döndərəcək, ya da yanıb hamımızı qaynadacaq! – Bu da gözəl. Amma bu sözləri söyləyən xanımın 90-cı illərə xas olmayan üz cizgiləri (tatuaj qaş) da nəzərdən qaçmır. Həmçinin filmdəki obrazların dilindəki jarqon ifadələr də 90-cı illərin müstəqillik və azadlıq uğrunda meydana toplaşan patriotların leksikonuna uyğun deyil. Elə buna görə də, rejissorun ən böyük qüsuru, məhz obrazların leksikonundakı ədəbsizlik elementləridir. Misal üçün, filmdə sözügedən gənclərdən olan patriot qızın milli-mənəvi dəyərlərə zidd leksikonu: O, gənclərə silah paylayarkən: Götürün! Silaha münasibət sevdiyiniz canaya toydan əvvəl olan münasibət kimi olmalıdır. Yəni onu özünüzlə gəzdirirsiniz, amma toxunmursunuz. Götürdüyünüz kimi gətirib anasına, yəni mənə (əliylə sinəsinə vuraraq jest edir) təhvil verirsiniz (yerdən gənclərin narazılıq səsləri yüksəlir)..Yaxşı, yaxşı, bir az əlləşdirə bilərsiniz (Gənclər gülüşürlər). Burda təəssüflənməyə bilmədik, çünki bu xanım qız obrazı müstəqillik və Azərbaycan torpaqlarına ermənilərin ərazi iddialarına qarşı etiraz əlaməti olaraq meydana çıxan minlərlə, milyonlarla qadın və qızların ümumiləşdirilmiş obrazıdır axı!
Mina Seyid-Məmmədovanın oynadığı Zita obrazının daha bir milli-mənəvi dəyərlərə zidd detalı: küçələrdə barrikadalar qurub tankların şəhərə girişini həyəcanla gözləyən insanlar bir tərəfdə, digər tərəfdə isə avtomobildə sevgilisiylə qucaqlaşan Zita. Zitanın dilindən öz hərəkətlərinə haqq qazandırma nüansları:“Nədən utanmalıyam ki, yavrum! Bəyəm bilmirsən ki, İnqilabla Məhəbbət eyni şeydir. Əsil inqilabçının Vətənə sevgisi qadına olan sevgidən keçib gəlir. Əsil sevməyən, bu hissin nə olduğunu bilməyən heç Vətəni də sevə bilməz”.
Söz oyunu filmə dəyərsiz bədiiləşmə verir: “Artıq qanları da qırmızıdır, sifətləri də”, “Məni Allaha tapşıranda de ki, insansevər qızdır”. İlk qələm təcrübəsi effekti yaradır. Müəllifin bədii əsərlərə xas olan qat-qat fikir söyləmə bacarığı zəif görünür.
Qan bolluğu filmi inandırıcılıqdan çıxarır və imitasiya təəssüratı yaradır. Hər yaralının və ya həlak olanın yatağı, üstünə çəkilmiş mələfələr büsbütün qan içindədir. Bu isə yalançı reallıq effekti doğurur. Rejissor, sanki qanı faciənin əsas ifadə vasitəsi kimi görür.
Filmdə cərəyan edən hadisələrdə əsas mərkəzi konfliktlərdən biri iki qardaş: DTK palkovniki Nəcəflə, Sovet dönəmində Əfqanıstanda vuruşmuş zabit, bu gün isə sovetlərə qarşı azadlıq mübarizəsinin əsas simalarından olan digər qardaş-Mehdi arasında baş verir. Film boyu bir neçə dəfə iki qardaşın konfliktini çatdıran mənəvi-psixoloji qarşıdurma baş verir. Bu qarşıdurmalardan biri zamanı yenə də, filmə xas dil özünü göstərir. Nəcəf: “Ana, indi də qəhrəman zabit tankları görüb batırıb tumuşuna!”. Evində ayrı-ayrı əqidəli iki oğul anası və onun müxtəlif cəbhələrdə “patriot” oğlanları qabarıq obrazlardır. Ana namaz qılan ağbirçəkdir (qeyd edək ki, fimin finalında “Anan namaz üstə imiş” ifadəsinin təsdiqini tapmasını aydın görmək olur. Amma bu ifadənin Nəcəfin dilindən səsləndirilməsi artıq görünür. Çünki gedişat fikri təsdiqləyəcəkdi, onsuz da). Həmçinin filmdə, həm azadlıq uğrunda mübarizəyə qatılan azad “patriot” gənclər, həm dindar bir ailənin dindar övladı (Əli), həm də Azərbaycan qadınlarının ümumiləşdirilmiş obrazları (Zita, Larisa və s.) yer alıb. Filmdə Larisa adlı gənc qız obrazı da var ki, məhz sosial şəbəkələrdə Larisa obrazının prototipi şəhid Larisanın olması ətrafında müzakirələr açıldı və filmin rejissoru buna görə ictimai qınağa tuş gəldi. Filmdə Larisanın zabit Mehdinin sevgilisi olduğu və ondan uşaq gözlədiyi bəlli olur. Amma, filmdəki gənc qız Larisanın məhz şəhid 13 yaşlı Larisa olması haqqında konkret fikir söyləmək çətindir. Çünki, filmdəki Larisa kifayət qədər yetkin gənc qızıdr və soyadı da Məmmədova deyil, Balayevadır. Burada belə bir sual ortaya çıxır. Nə lüzum var idi ki, bu gənc qızın adını Larisa qoyub qarışıqlıq salmaq. Məgər, ad qəhət idi?
Filmdə 20 yanvar 1990-cı il hadisələrinin siyasi motivləri də ara-sıra sezilir. Belə ki, “xilaskar akvarium”la bağlı ideoloji polemika, Qərbin Azərbaycandakı maraqlarını açıb göstərən “amerikanos” Viktor və Mehdi dialoqu, “Molotov kokteyli” və armaturlarla silahlanmış “utopik partizan müharibəsi” siyasi situasiyanın mahiyyətini açmaqla yanaşı təhriflərə də yol verir. “Xilaskar akvarium” ideoloji polemikası sovetlərin iç üzünü açsa da, bir qədər uzunçu təsiri bağışlayır:
Rus generalı: – Fikir verin (akvariumdakı balıqlara işarəylə), balıqlar tamamilə azaddır. Hara və nə vaxt istəsələr hərəkət edirlər. Amma yalnız akvarium çərçivəsində. Xilaskar akvarium. Qapalı akvariumda bizə onları yemləmək də asandır və hamısı da bizdən bərabər payda yem alır. Düzdür, aralarında eləsi var ki, akvariumdan kənara tullanmaq istəyir. Yazıq, bilmirəm buna onu nə məcbur edir. Ama dəqiq bilirəm ki, o bizim akvariumsuz öləcək. Buna görə də, biz şüursuzları axmaqlıq etməyə qoymuruq. Hətta ağılsızlıq etsələr belə, biz onların qayğısına qalmalıyıq.
Nəcəf: – Əgər balıqlar bu akvariumda yaşamaq istəmirlərsə…
Rus generalı: – Siz hardan bilirsiniz?
Nəcəf: – Onlar bu barədə açıq-aşkar danışırlar.
Rus generalı:– İnanmayın, təxribatdır. Balıqlar danışa bilmir.
Bir də onu deyim ki, filmdəki rusca dialoqların subtitrlərdəki çevirisində Mir Şahin tərcüməsi hiss edilir və normaldır. Bunu Tarantinonun “Kriminalnoye çtivo” filmindəki tərcümələrlə müqayisə edərkən aydınca anlamaq mümkündür. Qeyd edək ki, Tarantinonun sözügedən filminin Azərbaycancaya tərcümə olunmuş versiyası ANS telekanalında 15 ildir mütəmadi yayımlanır. “Qanlı yanvar”a Tarantino filmlərinin ömrünü arzulayırıq!
Bir də onu arzulayırıq ki, hörmətli V.Mustafayev növbəti filmlərində dərhal nəzərə çarpan, tamaşaçıda qıcıq yaradan təhriflərə və milli-mənəvi dəyərlərə zidd hallara yol verməsin. Yeni filmdə görüşənədək…
Həyat Şəmi,
teletənqidçi, fəlsəfə doktoru