“Komitə sədri seçiləndən sonra hələ ki Hacı Məmmədovla heç bir görüşüm olmayıb”.
Bu sözləri İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elmira Behbudova Modern.az-a verdiyi açıqlamasında deyib.
Elmira Behbudova bildirib ki, adam oğurluğuna görə xüsusi təcridxanada saxlanılan Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı Hacı Məmmədovla görüş üçün onun ailəsindən hansısa bir xahiş, müraciət daxil olmayıb :
“Hacı Məmmədovla görüş üçün onun ailəsindən bizə heç bir müraciət gəlməyib. Özümüzün də onunla görüşmək planımız yoxdur”.
Hüquq müdafiəçisi onu da deyib ki, komitəyə sədr seçiləndən bəri hansısa bir həbsxanada tanınmış, məhşur dustaqlarla görüşməyib.
Xatırladaq ki, İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin keçmiş sədri Elçin Behbudov ötən ilin noyabrında vəfat edib. Elçin Behbudovun vəfatından sonra onun xanımı Elmira Behbudova komitəyə sədr seçilib.
Ölkədə çoxsaylı qətllər və adam oğurluğu ilə məşğul olan mütəşəkkil dəstənin başçısı, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili , Hacı Məmmədov hazırda Dövlət Təhlükəsizlik Xidmətinin (keçmiş Milli Təhlükəsizlik Nazirliyi) İstintaq Təcridxanasında saxlanılır.
Elçin Behbudov ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında monitorinq aparmaq hüququna malik yeganə hüquq müdafiəçisi idi. O, zaman-zaman Hacı Məmmədova baş çəkərək onunla görüşür və təəssüratları mətbuatla bölüşürdü.
Qeyd edək ki, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifəsindən azad ediləndən sonra H.Məmmədov öz işinin yenidən araşdırılması və cinayət işinin yenilənməsi üçün müraciət edib.
Ağa AKİFOĞLU