Milli Məclisin deputatı Rafael Cəbrayılov son zamanlar ayrı-ayrı şəxslərin, o cümlədən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin mətbuatda onun haqqında səsləndirdiyi ittihamlara cavab verib. Modern.az xəbər verir ki, deputat xüsusilə Hafiz Hacıyev haqqında kəskin ifadələr işlədib.
“Hafiz Hacıyev siyasi arenanın klounudur. Toylarda qısa zaman müddətində qonaqları əyləndirmək üçün dəvət olunan klounlar kimi, Hafiz Hacıyev də siyasi arenada bəzi şəxslərin maraqlarını təmin etmək üçün klounluq edir. Onun fəaliyyətinin yaxın keçmişinə nəzər saldıqda, bu çox aydın görünür. Bir neçə gün əvvəl xalq artisti Aygün Kazımovanın da ünvanına təhqiramiz ifadələr işlətmişdi. Aygün Kazımovanın tutarlı cavabını və Hafiz Hacıyevin bu cavabdan məmnunluq hissini nəzərə alsaq, onun vicdan adlı mənəvi dəyərdən əlçatmaz səviyyədə olmasını təsəvvür etmək çətin deyil”, deyə Rafael Cəbrayılıov vurğulayıb.
Deputat keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla əlaqələri barədə iddiaları da cəvəngiyyat adlandırıb:
“Mənim Eldar Mahmudovla heç bir əlaqəm olmayıb. Vaxtilə keçmiş nazir Fərhad Əliyev həbs olunduqdan sonra bəzi şəxslərin onun adamı olduğunu iddia etdikləri kimi, indi də Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasını fürsət bilən bəzi “jurnalistlər” öz təxəyyülünün məhsulunu yazırlar. Eldar Mahmudov və “MTN işi” ilə əlaqədar cənab Prezidentin nəzarəti altında yoxlamalar aparılır və həmin yoxlamalrın nəticələri haqqında da ictimaiyyətə məlumat verilir. Mən məsləhət bilərdim ki, həmin saytlar rəsmi məlumatlara istinad etsinlər”.
R.Cəbrayılov şəxsi avtomobilinin nömrəsinin Eldar Mahmudov tərəfindən ona həddiyə edildiyi barədə yazılanlara belə cavab verib:
“Avtomobilimə məxsus 009 nömrəsinə, bu nömrə 2008-ci ildə alınıb. Həmin nömrə Binəqədi rayonundan II Ivə IV çağırış Milli Məclisə deputat seçildiyim seçki dairəsininin və deputat mandatımın nömrəsidir. Bunun Eldar Mahmudovla nə əlaqəsi var? Onda belə çıxır ki, bütün 009 avtomobil dövlət nömrələrini hamıya Eldar Mahmudov hədiyyə edib?”.
Deputat sürücüsünün dələduzluq etməsi barədə yayılan xəbərələrə aydınlıq gətirərkən deyib:
“Vüqar adlı şəxs mənim sürücüm olmayıb. Uzun illərdir ki, sürücüm kiçik bacımın həyat yoldaşı Talıbov Aqil Mirqasım oğludur. Vüqar adlı şəxs qardaşım Elşən Cəbrayılovun rəhbərlik etdiyi tikinti şirkətində icarə əsasında mağaza işlədib. Mağazaya satış üçün gətirdiyi malların pulunu ödəmədiyindən və digər dələduzluq hərəkətlərinə görə 2014-cü ilin yayından qovulub. Onun barəsində Nəsimi RPİ-də ARCM-nin 178-ci “dələduzluq” maddəsi ilə cinayət işi istintaq olunur. Hal-hazırda Vüqar axtarışdadır. Onun dələduzluq etdiyi çoxsaylı insanlar içərisində zərərçəkmiş qismində mənim öz qardaşım da var. Əgər Vüqar Məlahət və Osman adlı şəxslərə qarşı həqiqətən dələduzluq etmişdirsə, onların üz tututacaqları ünvan saytlar deyil, hüquq mühafizə orqanları və konkret olaraq Vüqar haqqında cinayət işi istintaq edildiyi Nəsimi RPİ-dir. Mənim üçün də maraqlıdır ki, 2012-ci ildə edilmiş dələduzluq faktı barədə bu insanlar indi niyə məsələ qaldırırlar və hər yazıda da müxtəlif məbləğlər iddia edirlər. Görünür axtarışda olan bir insana qarşı iddiası olmaqdansa deputatı şantaj etmək onlar üçün daha “məqsədəuyğundur”. Mənim Məlahət və Osman adlı şəxslərlə heçbir tanışlığım yoxdur”.
Rafael Cəbrayılov bildirib ki, bəzi KİV-lərdə tikintidə çalışan qardaşı Elşən Cəbrayılovun 1 mənzili 2 adama satması haqda yazılanlar həqiqəti əks etdirmir:
“Bu mümkün deyil. Qardaşım uzun illərdir ki, tikinti işi ilə məşğuldur. İndiyə qədər heç vaxt belə bir iddiada olan şəxs olmayıb. Əgər mənzil alqı-satqısıilə bağlı həmin şəxsin qardaşıma qarşı iddiası varsa, bunu onunla görüşüb aydınlaşdırmaq və ya məhkəməyə müraciət etmək olardı.
Azərbaycan Respublikası hüquqi dövlətdir və mübahisələrin həll olunması yeri də məhkəmədir.
Mən çox təəssüf edirəm ki, xəbər saytlarında mənim barəmdə jurnalist araşdırması aparmadan, qərəzli, reallığa uyğun olmayan, sifarişli yazılar gedir. Bu Azərbaycandakı demokratik mühitdən sui-istifadədən başqa bir şey deyil. Belə çıxır ki, saytda hər kəs öz təxəyyülünün məhsulu olan absurd və qondarma yazılarla hər kəsi şantaj edə bilərlər. KİV haqqında qanuna görə mənbəyi olmayan faktların dərci yolverilməzdir. Mən əvvəlcə bu yazılara əhəmiyyət vermədən susmağa üstünlük verdim, amma görürəm ki, mənim susmağım bu insanların təxəyyülünü daha da artırır. Həmin saytlar unutmasınlar ki, onlar artıq mənim şərəf və layaqətimi təhqir etməyə çalışırlar və bunula bağlı lazım olarsa məhkəməyə də müraciət edəcəyəm”.
Modern.az