“Təəssüf hissi ilə qeyd edirəm ki, özünü media qurumu elan etmiş bəzi internet informasiya resurslarının KİV adına yaraşmayan, həmçinin, KİV haqqında qanuna tamamilə zidd olan informasiyalar yaymaları son dönəmdə kifayət qədər intensivləşib”.
Bu sözləri Mətbuat Şurası sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli Modern.az-a açıqlamasında millət vəkili Azay Quliyevin və QHT Şurasının fəaliyyəti haqqında bəzi saytlarda gedən yazılara münasibət bildirərkən deyib.
“Bu, təkcə qeyri-peşəkarlıq, yaxud, peşə kodeksinin hansısa bəndinin bilməyərəkdən pozulması deyil. Aparılan monitorinqlər, təhlillər göstərir ki, internet “media” vasitəsi adından media məkanına daxil olan bu qurumlar əksər hallarda düşünülmüş şəkildə qərəzli, qeyri-obyektiv və qeyri-real informasiyalar yayaraq ölkə vətəndaşlarında çaşqınlıq yaradır, dövlət, hakimiyyət strukturlarına, tanınmış şəxslərə qarşı inamsızlıq, etimadsızlıq mühiti formalaşdırırlar”.
Müşfiq Ələsgərli bildirib ki, son dönəmlər bu kimi saytların fəaliyyəti hətta milli təhlükəsizlik problemi səviyyəsinə qalxıb.
“Son illərdə bu kimi qurumların fəaliyyəti artıq milli təhlükəsizlik probleminə çevrilib. 2014-cü ilin məlum avqust olaylarından sonra Mətbuat Şurası onlayn media sferasında ciddi şəkildə monitorinqlər keçirərək, bu cür neqativ əməl sahiblərini müəyyənləşdirir, onlara xəbərdarlıq edir, profilaktik söhbətlər aparır. Əksəriyyəti bu yoldan çəkinsələr də, bir qismi dönmür, daha təhlükəli hallara imza atır”.
Mətbuat Şurası sədrinin müavini söyləyib ki, bu gün deputat Azay Quliyevə qarşı bu formada qara piar aparan həmin “KIV-lər” bir müddət öncə ölkədə “etiraz aksiyalarından” istifadə edib əhalini itaətsizliyə çağıran saytlardır :
“Maraqlıdır ki, QHT Şuranın sədri Azay Quliyevə qarşı böhtan dolu yazı dərc edən saytlar, 2016-cı il yanvar ayının 14-də bu yöndə başqa bir pozucu əmələ görə Mətbuat Şurasına çağırılıraq xəbərdarlıq ediliblər.
Həmin vaxt onlar regionarda “xalq üsyanları” barədə yalançı informasiyalar yayaraq, etiraz aksiyalarının keçirilməsi yönündə təşviqat işləri aparmış, hətta qanuna zidd olaraq növbəti aksiyalar keçirilmə vaxtı kimi qondarma tarixlər elan etmiş, əhalini itaətsizliyə çağıran çağırışlar tirajlamışdılar. Mətbuat Şurasının xəbərdarlığından 15 gün keçməmiş, indi də başqa bir əmələ əl atıblar”.
Müşfiq Ələsgərli hesab edir ki, həmin saytlarda Azay Quliyev haqqında yazılan yazılar tamamilə absurddur və qərəzli xarakter daşıyır :
“Birmənalı şəkildə demək olar ki, hər iki saytda (xeber.info, arqument.az) Azay Quliyev haqqında yazılan informasiyalar absurddur, məqsədli xarakter daşıyır. Bircə məqama diqqət yetirmək kifayətdir ki, bu informasiyaların yalan üzərində qurulduğu isbat edilsin: hər kəs bilir ki, Qeyri- Hökumət Təşkilatlarının qeydiyyatını Ədliyyə Nazirliyi həyata keçirir. Belə olan halda, Azay Quliyevin hansısa QHT-ni qeydiyyata almağı vəd verib, ondan qarşılıq ummasını iddia etmək nə deməkdir?
Belə çıxır ki, bu adamlar ya ümumiyyətlə respublikadakı vəziyyəti, qanunları, prosedurları bilmirlər, ya da düşünülmüş şəkildə, qeyri-real olmasının fərqinə varmadan əhalinin inam bəslədiyi hər kəsi gözdən salmaq üçün informasiyalar yayırlar.
Mətbuat Şurası bu saytlara qarşı effektiv mübarizə aparılması üçün mexanizmlər hazırlanmasını tamamlamaq üzrədir. Hesab edirəm ki, Azay Quliyev onların əməlləri barədə Mətbuat Şurasına ə müraciət ünvanlamaqla, bu qurumlara qarşı mübarizəsinə yardım etmiş olacaq”.
Ağa AKİFOĞLU