Milli Məclisin iclası davam edir. Modern.az xəbər verir ki deputat Elmira Axundova çoxdan gözlənilən bir sıra qanun layihələrinin müzakirəyə çıxarılmasının vacibliyini vurğulayıb:
“O cümlədən “Reproduktiv sağlamlıq” haqqında Qanun layihəsi, ya da mənim dəfələrlə ərsəyə gətirilməsini istədiyim çərçivə qanunlardan biri olan “Məktəbəqədər təhsil” haqqında qanun layihəsi müzakirəyə çıxarılıb. Buna görə mən komitə sədrləri, dəyərli həmkarlarım İsa Həbibbəyli və Əhliman Əmiraslanova təşəkkür edirəm.
Ümumiyyətlə, komitələrin çoxalması müzakirə olunacaq qanunların kəmiyyətində öz əksini tapıb. Əminəm ki, bu, Milli Məclisin fəaliyyətində canlanmaya səbəb olacaq. Mən yeni seçilən, o cümlədən cavan millət vəkillərinə üz tutaraq arzu edərdim ki, onlar da parlamentin həyatında fəal iştirak etsinlər, bu və ya digər qanun layihələri, problemlər barədə öz fikirlərini bildirsinlər. Vaxtilə ümummilli liderimiz Heydər Əliyevin müxtəlif müşavirələr zamanı ən sevimli ifadəsi bu olmuşdu : “Zəhmət olmasa mövqeyinizi bildirin”. İstərdim ki, parlament ölkənin mədəni, iqtisadi, ictimai-siyasi həyatında daha aktiv rol oynasın, çünki parlament üzvlərinin intellektual çəkisi, təcrübəsi buna imkan verir”.
Deputat yaz sessiyasının qanunvericilik işləri planına dəyişiklik təklif edib.
“Artıq bildiyimiz kimi, Azərbaycanın bir neçə özəl bankı, o cümlədən “Bank of Azərbaycan”, “Gəncə bank”, “NBC bank”, “Atrabank”, “Qafqaz İnkişaf Bankı”nın lisenziyaları geri götürülüb. Bu xəbər o deməkdir ki, həmin banklar faktiki olaraq öz fəaliyyətlərini dayandırıb, işçilərini də ixtisar edəcəklər. Əlbəttə ki, biz deputatlar, xüsusən də əhali çox istərdik ki, bu qərarın qəbul edilməsinin səbəbini Mərkəzi Bank açıqlasın. Bir neçə gün əvvəl növbədənkənar iclasda səslənən fikirlərə qayıdaraq deməliyəm ki, Mərkəzi Bank rəhbərliyi belə radikal addımlar atarkən mütləq bu barədə ictimaiyyətə ətraflı və dolğun məlumat verməlidir.
Elman Rüstəmovun bir müddət əvvəl bizə dediyi sözləri xatırlatmaq yerinə düşərdi: “Biz əhalinin bank sektoruna inamını tədricən qaytarmalıyıq”. Ona görə insanlarımız bu gərgin vəziyyətdən mümkün qədər itkisiz çıxmalı və öz əmanətlərini geri almalıdırlar. Məncə də bu Mərkəzi Bankın ən ümdə vəzifələrindən biri olmalıdır.
Mən bununla bağlı bir məsələyə diqqət çəkmək və müvafiq qanuna təkliflərimi vermək istəyirəm. Bu da bağlanmış və ya bağlana biləcək banklarda çalışan xeyli miqdarda işçinin işsiz qalması məsələsidir”.
E.Axundova deyib ki, işsiz qalan insanlar ciddi mütəxəssislərdir və bankda işə düzələnə qədər süzgəcdən keçiblər. Ona görə təklif edir ki, hökumət əsasən cavan olan bu kadrlarla ciddi maraqlansın və onları digər qurumlarda imtahansız yerləşdirsin.
“Bununla bağlı mən “Dövlət qulluğu haqqında” qanuna düzəliş etməyi təklif edirəm və vaxtilə dövlət qulluğuna daxil edilən mühasib vəzifəsini həmin siyahıdan çıxarmağı təklif edirəm. Çünki bəzi dövlət qurumu rəhbərləri ilə söhbət zamanı mənə bəlli oldu ki, bir çox qurumların filiallarında, hətta Bakının özündə maliyyə şöbələrində 1-2 mühasib yeri olsa da, boş qalıb. Məsələn, bir Komitə var ki, orada 30 mühasib yeri boşdur. Çünki mühasiblər dövlət qulluğuna qəbul üçün test və müsahibədən keçməlidirlər, bu isə uzun və çətin prosesdir. Ona görə təklif edirəm ki, birincisi, mühasib vəzifəsi dövlət qulluğu siyahısından çıxarılsın, bu vəzifəyə qəbul asanlaşdırılsın və ikincisi, bu yaxınlara qədər bank sektorunda işləyən cavan və ciddi kadrlar belə vakant yerlərə müvəqqəti də olsa yerləşdirilsin.
O cümlədən yaxın gələcəkdə də hökumət tərəfindən elan olunmuş struktur islahatları həyata keçirilməsi nəticəsində bir sıra dövlət qurumları, idarələr, bir-birinin funksiyalarını təkrarlayan qurumlar ləğv edilə bilər. Bu halda da yüzlərlə cavan dövlət qulluqçusu işsiz qalma təhlükəsi ilə üzləşəcək. Mən istəməzdim ki, hər hansı qurum ləğv edilərkən, savadlı kadrlar mexaniki olaraq ixtisar edilsinlər. Buna görə yenə dövlət qulluğu haqqında qanuna dəyişiklik etməklə pensiya yaşına çatmayan insanları ixtisar etməzdən əvvəl Dövlət Qulluğu Komissiyasına çağıraraq imtahansız digər qurumlara, o cümlədən rayonlarda olan vakant yerlərə yerləşdirməyi təklif etmək olardı. Sonra isə onları müəyyən sınaqlardan keçirmək, ya da ixtisaslaşdırma kurslarına cəlb etmək olardı. Əsas odur ki, bu çətin durumda dövlət qulluqçusu işsiz qalmasın. Bununla biz iki faktoru aradan qaldırırıq. Birincisi, hazırlıqlı mütəxəssisləri cəmiyyətə lazımlı kadr kimi əldə saxlayırıq, ikincisi, sosial gərginliyi əhəmiyyətli dərəcədə azaldırıq. Ona görə biz “Dövlət qulluğu haqqında” qanuna və digər qanunvericilik aktlarına bu yöndə dəyişikliklər edə bilərik. Çünki cənab prezidentin dediyi kimi biz hamımız, bütün cəmiyyət kompleks anti-böhran proqramı hazırlamalıyıq, bu proqramda insanların sosial durumu, həyat səviyyəsi məsələsi prioritet olmalıdır”.
Aytən Zəhra