Avropa İnsan Haqları Məhkəməsində Ermənistanı işğalçı dövlət, eyni zamanda azərbaycanlıların yurd-yuvalarından didərgin salınmasını göstərən yeganə iş “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayət üzrə çıxarılan məhkəmə prosesidir. Amma bu, Azərbaycandan olan məcburi köçkünlərin Avropa Məhkəməsinə göndərilən yeganə müraciət deyil. Avropa İnsan Haqları Məhkəməsinə müracət edən Laçın rayonundan məcburi köçkün Fəxrəddin Paşayev Modern.az-a açıqlamasında bildirib ki, Azsərbaycan torpaqları Ermənistan tərəfindən işğal edildikdən sonra Avropa Məhkəməsinə saysız-hesabsız müraciətlər daxil olub.
Qeyd edək ki, keçən ilin iyun atında Avropa İnsan Haqları Məhkəməsi Böyük Palatasının azərbaycanlı məcburi köçkünlərin “Çıraqov və digərləri Ermənistana qarşı” adlı şikayəti üzrə müsbət qərar çıxarıb. Bu iş Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində Laçından məcburi köçkün düşən 6 Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 2005-ci il aprelin 6-dakı iddiasına əsaslanır.
İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov da bildirib ki, 2005-ci ildən bəri Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı qaçqın və məcburi köçkünlərin Ermənistana qarşı irəli sürdüyü xeyli sayda ərizə təqdim olunub. “Azərbaycan hökumətindən aldığımız məlumata əsasən, iddiaçı və onların nümayəndələrinin ərizələri yalnız mülkiyyət hüququ, özəl və ailə həyatına hörmətlə bağlı deyil, həm də işgəncələrin qadağan olunması və yaşamaq hüququnun pozulması ilə bağlıdır. Onlar arasında bir çox ölkələr və beynəlxalq təşkilatlar tərəfindən insanlığa qarşı cinayət kimi tanınan Xocalı soyqırımı qurbanlarının ərizələri də var”.
Aytən ZƏHRA