Modern.az

Hikmət Babaoğlu: “Minsk qrupu Ermənistan XİN-ın funksiyasını yerinə yetirir”

Hikmət Babaoğlu: “Minsk qrupu Ermənistan XİN-ın funksiyasını yerinə yetirir”

Təhsil

3 Fevral 2016, 12:29


"ATƏT-in Minsk qrupu artıq öz tərəfsizliyini çoxdan itirib və faktiki olaraq işğalçı Ermənistanın xarici işlər nazirliyinin funksiyasını yerinə yetirir". Bu sözləri Modern.az-ın ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi ilə bağlı verdiyi sualı cavablandırarkən millət vəkili Hikmət Babaoğlu deyib.

Deputat bildirib ki, hazırda beynəlxalq şərait olduqca mürəkkəbdir. Bu gün Avropa qurumlarının əksəriyyəti öz fəaliyyətlərində dini təəssübkeşliyi az qala prioritet istiqamət kimi müəyyənləşdiriblər:

"Bütün beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT-də, AŞ PA-da məsələlərə yanaşma yalnız dünya siyasətini müəyyənləşdirən Qərb bölgələrinin maraqları çərçivəsində qiymətləndirilir. Bu maraqlar da çox təəssüf ki, bir çox hallarda milli dövlətlərin maraqları ilə üst-üstə düşmür. Çünki, Qərb imperializminin milli maraqları istismarçı mahiyyət daşıyır və dini təssübkeşliyə əsaslanır".

Hikmət Babaoğlunun  sözlərinə görə, Yaxın Şərqdə baş verən hadisələri də məhz bu kontekstdə qiymətləndirmək lazımdır:
"Bundan başqa hazırda Qərbdə formalaşmış siyasi təfəkkür islamafob əsaslara, sivilizasiyaların qarşıdurması fəlsəfəsinə söykənir. Biz bunu ATƏT-in Minsk qrupunun fəaliyyətində də bariz şəkildə görürük. Əgər belə olmasaydı, bu qrup 1994-cü ildən indiyə qədər hər hansı bir işlə yadda qalardı. Tam əksinə, bir çox hallarda Minsk qrupu Azərbaycan xarici siyasətinin uğurlu fəaliyyətini məhdudlaşdırmağa çalışır. AŞPA-da bizim lehimizə qətnamə layihəsi müzakirə edilərkən Minsk qrupunun bəyanatı da elə işğal faktının ört-basdır edilməsi məqsədi daşıyırdı. ATƏT-in Minsk qrupu artıq öz tərəfsizliyini çoxdan itirib və faktiki olaraq işğalçı Ermənistanın xarici işlər nazirliyinin funksiyasını yerinə yetirir. Ona görə də ermənilər bu təşkilatdan razılıq edirlər".

Minsk qrupunun formatın dəyişməsinin mümkünlüyü ilə bağlı məsələyə gəlincə, Hikmət Babaoğlu bildirib ki, hazırki beynəlxalq şəraitdə bunun elə bir ciddi əhəmiyyətinin olacağını düşünmür:

"Çunki problemi həll edə biləcək real güclər, yaxud siyasi iradə bu formatda təmsil olunublar. Bunlar ABŞ, Rusiya və Avropa İttifaqı adından Fransadır.Yəni əsasən dünya siyasətini müəyyənləşdirən ölkələrdir. Lakin onlar problemi həll etmək istəmirlər. Ona görə də formatı dəyişsək belə bu güc sahibləri istəməyincə problem həll edilməyəcək".

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza