“Yazıçılar Birliyinin mətbu orqanı olan “Ulduz” jurnalının rəhbərliyi ötən qurultaydan sonra dəyişdirildi. İşçiləri, yəni redaktoru və redaktor müavini də gənc ədiblərin arasından seçildi”.
Bu sözləri Modern. az-a açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid deyib.
Rəşad Məcid həmçinin bildirib ki, hər il Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyi gənc ədiblərlə bağlı layihələr həyata keçirir:
“Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyinin 2008-ci ildən bəri “Gənc Ədiblər” məktəbi layihəsi var. Bu məktəb iki dəfə məzunlar buraxıb. 100 nəfər məzuna diplom vermişik. Artıq 3-cü “Gənc Ədiblər” məktəbi də yaradılıb.
Yazıçılar Birliyində 2007-ci ildən bəri hər il 20 nəfər gənc ədibə ayda 200 manat olmaqla prezident təqaüdü veririk. İndiyə qədər 100-dən artıq gənc bu təqaüddən bəhrələnib, kitablarını dərc ediblər”.
R.Məcidin sözlərinə görə, Yazıçılar Birliyinin gənclər siyasətinə tənqidi yanaşmaq düzgün deyil :
“Yazıçılar Birliyinin strukturlarında da gənc yazarlar işə qəbul olunub. Hər halda gərək boş yerlər ola ki, oralara gənc yazıçıların qəbulu mümkün olsun.
Mən hesab edirəm ki, Yazıçılar Birliyinin həyata keçirtdiyi gənclər siyasətinə hər hansı tənqidi yanaşma düzgün deyil.
Bu yaxınlarda Yazıçılar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi vəzifəsinə gənc şair, yazıçı, İlqar Fəhminin gətirilməsi də bir daha sübut edir ki, birlik gənclər siyasətini uğurla həyata keçirir.
Təbii ki, zamanla yazıçılar yaşlaşdıqca qurumun struktur vəzifələrinə cavanlar gələcəklər”.
Ağa AKİFOĞLU