Modern.az

1100 kq-dan artıq yararsız ət zərərsizləşdirilib-Fotolar

 1100 kq-dan artıq yararsız ət zərərsizləşdirilib-Fotolar

Təhsil

3 Fevral 2016, 21:48

 

 

Bir müddət əvvəl paytaxta gətirilməsinin qarşısı alınan yararsız ət zərərsizləşdirilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən Modern.az saytına verilən məlumata görə, aşkarlanan yararsız ətlərin müayinəsi başa çatıb.

Belə ki, yanvarın 24-də Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov Nofər Novruz oğlu Bakı şəhərinə satış üçün Ağcabədi rayonunun Aşağı Avşar kəndindən gətirdikləri 1100 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəkləri, sümükdən ayrılmış ətlər, baş-ayaq və daxili orqanlarla dolu “Ford Transit” markalı 99-XC-837 dövlət nömrə nişanlı avtomaşın saxlanılıb.

Qanunvericiliyə uyğun cəmdəklərdən nümunələr götürülüb, laboratoriyanın 25 yanvar 2016-cı il tarixli 0052 nömrəli ekspertizasınına əsasən götürülən nümunələr bakterioloji (BÇQB, stafılakokkus aureus) məruz qalmış, nümunələrin olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi  müəyyən edilib, eyni zamanda müayinə edilən nümunələrin 7-də at əti olması aşkar edilib. Həmin cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilib. Təəssüflər olsun ki, aparılan tədbirlərə, edilən xəbərdarlıqlara baxmayaraq Məmmədov Aqil Əvəz oğlu və sürücü Yusifov Nofər Novruz oğlu öz çirkin əməllərindən əl çəkməyiblər. Onlar yenidən 1200 kq-dan artıq mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran heyvan cəmdəklərini və ət  məhsullarını Bakı şəhərinə satış üçün gətirməyə cəhd edərkən yanvarın 29-da alınmış məlumat əsasında (içərisində ölmüş heyvan əti və at əti olduğu bildirilən) Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Karantin tədbirlərini təmin edən əlahiddə polis taborunun əməkdaşlarının iştirakı ilə keçirilən reyd zamanı Qaradağ rayonu ərazisində Dövlət Yol Polisi postunda saxlanılıb.

Respublika Baytarlıq Laboratoriyasının ekspertizasına əsasən 24 nümunə ətdə və 2 nümunə daxili orqanda (işgənbə, ağciyər və qaraciyər) bakterioloji çirklənmə (BÇQB, stafılakokkus aureus) aşkar olunmuşdur. Biokimyəvi müayinələr (pH, peroksidaza və göy-daş reaksiyaları) zamanı isə 24 ət nümunəsinin və 2 daxili orqanın (işgənbə, ağciyər və qaraciyər) keyfiyyətsiz və baytarlıq-sanitariya cəhətdən yararsız olması müəyyən edilib.

Aparılan müayinələr zamanı daxil olan nümunələrin hamısının iribuynuzlu heyvana məxsus olduğu müəyyən edilib.

Cəmdəklərin, daxili orqanların, baş-ayaqların, yelinin, qarın və quyruğun heyvan və insan qidası üçün yararsız olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilmişdir. Qərara uyğun olaraq fevralın 3-də cəmdəklər Balaxanı Məişət Tullantıları Poliqonunda KİV və digər aidiyyəti qurumların əməkdaşlarının iştirakı ilə baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılmışdır. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, bu istiqamətdə reydlər respublikanın şəhər və rayonlarında mütəmadi olaraq davam etdiriləcək. Mənşəyi məlum olmayan, keyfiyyəti şübhə doğuran, insan qidası və  sağlamlığı üçün yararsız və təhlükəli olan heyvandarlıq məhsullarının emalının və satışının qarşısı qətiyyətlə alınacaq və belə qanunsuz işlə məşğul olan fiziki və hüquqi şəxslər barəsində ciddi inzibati tədbirlər görüləcəkdir.


Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza