Ötən ilin noyabrında Parisdə 130 nəfərin ölümü ilə nəticələnən terror aktının əsas təşkilatçısı Əbdülhəmid Abaud və İŞİD-in daha bir neçə üzvü Avropaya qaçqın statusu ilə gəlmişdi.
Modern.az Qərb mətbuatına istinadən xəbər verir ki, terrorçularla bağlı əsas şahid olan Sona adlı qadın Abaudu terror aktlarından dərhal sonra ziyarət etdiyini deyib. Şahid Abaudun daha 90 İŞİD üzvü ilə birgə “qoca qitə”yə sənədsiz daxil olduğunu deyib.
Avropa Birliyinin ərazisinə Britaniya, Belçika, Almaniya, İraq və Suriya vətəndaşlığına malik terrorçular daxil olub. Bundan başqa, şahid ifadələrində Abaudun Fransa və Almaniyada geniş casus şəbəkəsinə malik olduğunu da deyib.
2015-ci il noyabrın 14-nə keçən gecə Parisdə baş verən silsilə terror asktları zamanı 130 nəfər həlak olmuşdu. Hadisənin təşkilatçısının əvvəllər Suriyada döyüşmüş Belçika vətəndaşı Abdülhəmid Abaud olduğu üzə çıxmışdı. O, noyabrın 18-də Paris yaxınlığında keçirilən xüsusi əməliyyat zamanı öldürülmüşdü.
Vüqar İsmayılov