5 fevral 2016-cı il tarixdə Milli Məclisin Azərbaycan –Bolqarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Rauf Əliyev ölkəmizin Bolqarıstanda yeni təyin olunmuş səfiri Nərgiz Qurbanova ilə görüşüb.
Modern.az xəbər verir ki, görüşdə Azərbaycan Respublikası ilə Bolqarıstan arasındakı mövcud əlaqələrin vəziyyəti və perspektivləri müzakirə olunub.
Qeyd olunub ki, iki ölkə arasındakı əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edir.
2015-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığı qeyd olunub.
Məhz bu Bəyannamə ilə münasibətlərin yeni səviyyəyə qalxdığı vurğulanıb. Daha sonra Azərbaycanla Bolqarıstan arasında energetika, kənd təsərrüfatı, yüngül sənaye, turizm, idman və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd olunub.
Yeni təyin olunmuş səfir Nərgiz Qurbanova bildirib ki, səfirlik öz fəaliyyətində bu potensialdan istifadə edərək iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində işləri daha da gücləndirəcək.
Rauf Əliyev ölkələr arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışıb, bu münasibətlərin Azərbaycan –Bolqarıstan əməkdaşlığının inkişafına müsbət təsir edəcəyini qeyd edib.
Modern.az