Azərbaycanda yol polislərinin istifadə etdikləri və uzaq məsafədən nəfəs verilməklə işləyən alkotesterlərin saxta olması ilə bağlı yayılan informasiyalara Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi reaksiya verib.
İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov iddialara aydınlıq gətirib.Polis polkovniki Modern.az saytına deyib ki, yazılanlar polisin gördüyü işə kölgə salmaqdan başqa heç nəyə xidmət etmir:
“Əvvəla, Baş Polis İdarəsindən bizə nə texnika verilirsə, ondan da istifadə edirik. Onu da bilirəm ki, dövlət yol polisinin istifadə etdiyi bütün texniki vasitələr dünyanın ən inkişaf etmiş ölkələrində olan aparatlardır. Məsələn, avtopatrul maşınlarına quraşdırılmış “epatrul sistemi” dünyada ilk dəfə olaraq Azərbaycanda tətbiq edilir. Eyni zamanda Amerikada, İsraildə, Dubayda, Gürcüstanda da istifadə olunmağa başlayıb”.
Videoya gəlincə, V.Əsədov bilddirib ki, bütün bunlara hər hansı anlam verə bilmir: “Mən buna bir anlam verə bilmirəm. Bizdə bu cür yüksək səviyyəli texniki vasitə varsa, “ilkin tibbi müayinəni yoxlayan aparatların saxtasından istifadə edilir” iddiası nə dərəcədə həqiqətdir?!
Qətiyyən aparatların saxta, keyfiyyətsiz olması ilə bağlı fikirlərlə razılaşmıram, bu inandırıcı deyil. Bildirirəm ki, bu, bir daha yol polisinin fəaliyyətinə kölgə salmaq istəyindən irəli gələn provakasiya xarakterli addımdır”.
Qeyd edək ki, sözügedən aparatla bağlı məlumatı yayılan məlumatda bildirilir ki, dövlət tərəfindən (Baş Polis İdarəsindən və Baş Dövlət Yol Polisi İdarəsindən-red.) verilən sərxoşluğu yoxlayan cihazların əslində çemodanı və qəbz çap edən avadanlığı olmalıdır. Sürücü isə uzaqdan üfürmədən, birdəfəlik müştüklərlə təchiz edilmiş cihaza rahat nəfəs verməlidir.
Qeyd olunur ki, Azərbaycanda qanuni şəkildə ölkəyə gətirilən, reyestrdən keçən, yol polislərinə verilməli olan alkotesterlər Kanada istehsalı “DriveSafe” markalı alkotesterlərdir. Onlar ildə iki dəfə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində müqayisəli dövlət yoxlamasından keçirilməlidir. Yoxlamadan keçirildikdən sonra sınaq protokolu tərtib edilir və bu barədə sənəd verilir. Yalnız bu halda həmin cihazlarla inzibati xəta törətməsi barədə qərar çıxarmaq olar.
Çin istehsalı olan əlavə avadanlıq, xüsusən də ksenon lampaların quraşdırılmasına görə sürücüləri tənbeh edən Yol Polisinin özünün saxta Çin avadanlıqlarından istifadə etməsi paradoksdur.
Nazirlər Kabinetinin 2014-cü il tarixli, 209 saylı qərarına görə, yol polisi sürücünün sərxoşluğunu alkotesterlə müayinə etdikdən sonra nəticə kağızda çap olunmalıdır. Bundan əlavə, alkotestertə yalnız bir dəfə istifadə üçün nəzərdə tutulan müştük taxılmalıdır və sürücü həmin müştüklə üfürdükdən sonra müayinə baş tuta bilər.
Hazırda isə yol polisləri qara rəngli, müştük taxılmayan alkotesterdən istifadə etməklə sürücülərə kənardan üfürməyi məsləhət görürlər.
Gülşən RAUFQIZI