Sosial şəbəkənin xəbər lentində qarşıma yazıçı Şərif Ağayarın bir yazısı çıxdı: “Xalq artisti Səməd Səmədov və adsız Akif İslamzadə”. Yazının başlığındakı tutarsız müqayisəni görüb fikirləşdim ki, yəqin reytinq xətrinə belə başlıq qoyulub. Amma yazını oxuyanda daha çox tutarsız müqayisələrə rast gəldim.
Əlbəttə, yazıda müəllifin haqlı olduğu məqamlar da var. Məsələn, fəxri adların ləğv olunma təklifi ilə mən ikiəlli razıyam. Hesab edirəm ki, incəsənət sahəsində çalışan digər gənclər də bununla razıdırlar. Üstəlik, müəllif, bu fəxri ad həsrətinin çox sənətkarın mənən ölümünə səbəb olması məsələsində də haqlıdır.
Amma fəxri adsız Akif İslamzadə ilə xalq artisti Səməd Səmədovun müqayisəsi, aktrisa Məleykə Əsədova ilə muğam ifaçısı Sabir Mirzəyevin müqayisəsi və yazıda aparılan başqa müqayisələr tutarsızdır.
Başlayaq Akif İslamzadədən. Bilirik ki, Akif İslamzadə ixtisasca mühasibdir, yəni, musiqi təhsili yoxdur. Tamam, istedad, sevgi, əmək – bunların heç biri təhsildən doğulmur. Keçək Akif İslamzadənin fəaliyyətinə. Cəmi səkkiz filmdə onun mahnıları səslənib. Doğrudur, bir neçə sevilən mahnıları var. Amma bu mahnıların sayı azdır. Səsinin tutulması yaradıcılığının davamına əngəl oldu. Sənəti yarımçıq qaldı. Nəticədə, dövlət və xalq üçün elə də böyük bir əmək sərf etmədi ki, adicə “Əməkdar artist” adı ala, hələ “Xalq artisti”ni demirəm.
Səməd Səmədova gəlincə... Bu şəxsi bir müğənni kimi sevmirəm. Xalq və dövlət üçün böyük bir əmək sərf etdiyini də görməmişik. Akif İslamzadə qədər sevilən mahnıların ifaçısı da deyil. Qısacası, daşıdığı fəxri adı dəyərdən salmaqdan qeyri heç bir işə yaramır.
Sözümün canı odur ki, fəxri ad təkcə istedada görə verilmir. Bu ad xalq və dövlət qarşısındakı əməyə görə verilir. Bəs bu əmək nə ilə ölçülür? Əlbəttə, indi bu əməyin heç bir ölçüsü qalmayıb. Verilmə şərtləri hamıya məlumdur. Amma kağız üzərində də olsa, bu adın verilməsi artistin fəaliyyəti ilə təyin olunur.
Bu fəaliyyət isə vətəndə və xaricdə verdiyi konsert saylarından, film və tamaşalarda, dövlət səviyyəli tədbirlərdə iştirakından, müddətin qısa və uzunluğundan asılı olmayaraq, göstərdiyi əməyin keyfiyyəti və həcmindən asılıdır. Belə olan halda, nə Səməd Səmədova, nə də Akif İslamzadəyə heç bir fəxri ad düşmür. Əgər düşsəydi, birinci Akif İslamzdə alardı. Çünki o, onsuz da xalq sevgisini qazanmış Sara Qədimovanın oğludur.
Siz o halda razılaşırsız ki, əgər Səməd Səmədova verilirsə, Akif İslamzadəyə də verilməlidir. Amma niyə bu ada layiq olmayanların sayı artsın ki?
Aktrisa Məleykə Əsədovanın da muğam ifaçısı Sabir Mirzəyevlə müqayisəsi doğru deyil, zənnimcə. Bu müqayisəni Məleykə Əsədova ilə başqa zəhmətkeş aktrisalar arasında aparmaq olardı. Amma Məleykə Əsədova fəxri adı aldığı vaxtda o ada layiq olmasa da, bu günə qədərki fəaliyyəti ilə daşıdığı fəxri adın haqqını verib.
Bunların hamısı bir yana qalsın. Bu gün yazıçıların öz yazılarında bəzi bayağı şou adamlarının adını hallandırması heç ürəkaçan hal deyil. Necə ki, Şərif Ağayar öz yazısında onlardan bir neçəsinin adını hallandırıb. Doğrusu, mən də hallandırmışam. Düşünürəm ki, birdən, dövran döndü-dolandı, bizdən nəhəng yazıçı yaratdı. Adımız yüzillər sonra da tarixdə parıldadı. Bax, onda indi yazdıqlarımızın içində bu bayağı şou adamlarının adını görüb qəbrimizi söyəcəklər. Biz də onları görə bilsək, qıpqırmızı olacağıq. Ona görə ehtiyat etməliyik.
Elə Məleykə Əsədovanın sözü ilə tamamlayım: mən hər kəsə - Akif İslamzadəyə də, Səməd Səmədova da, Məleykə Əsədovaya da, yazı müəllifi Şərif Ağayara da, özümə də can sağlığı arzulayıram.