Hikmət Xudiyev (Cəmilzadə)
əməkdar jurnalist
Son günlər bəzi xalq artistlərinin milli mənəviyyvtımıza, əxlaqi dəyərlərimizə zidd davranışları bir neçə ay öncə böyük şair və dramaturq Hüseyn Cavidin ad günü münasibətilə söz ustadının adına olan parkda keçirilən tədbirdə şəxsi arxivim üçün çəkdiyim xalq artisti Mənsum İbrahimovun fotosu ilə bağlı düşüncələrimi bölüşməyə vadar etdi.
…Dahi Hüseyn Cavidə həsr olunmuş tədbirdə böyük şairin sözləri ilə dahiyanə bir səs möhtəşəm sənət vəhdəti yaratmışdı. Azərbaycanın xalq artisti Mənsum İbrahimovun ifası təmsil etdiyi ölkənin özü qədər əzəmətli, cəmiyyətdə davranışı isə övladı olduğu xalqın özü qədər zəngin mənəviyyatlı idi.
…Mənsum xalq artisti və xalqın içərsinə çıxmağa mənəvi hüququ olaraq xalqın içərisində oxuyurdu. Onun ifasını cazibədar edən tək yüksək peşəkarlıq və Allahdan bəxş olunmuş kamil sənətkarlıq keyfiyyətləri deyildi. Mənsumun ifasını daha da gözəlləşdirən bu ecazkar səs sahibinin cəmiyyətə hörməti, şəxsiyyətində Azərbaycan xalqının mənəvi-əxlaqi dəyərlərinin ehtiva olunması idi. Bu səs sahibi sözün həqiqi mənasında ədəb-ərkan mücəssəməsi idi. Mənsumun ifası ilə onun həyat tərzi bir-birini mədəniyyət müstəvisində tamamlayırdı.
…Mənsum oxyurdu. Hamı heyranlıqla onu dinləyirdi. Tək ifaçılıq xüsusiyyətlərinə görə sevilməyən bu səs sahibi özünün mənəvi dünyası, yüksək əxlaqi dəyərləri ilə sanki xalq artistinin əxlaq kodeksini bəyan edirdi. Bu səs sahibi öz adının qarşına «imperator, kral, qızılsəs» və s. kimi qondarma adlar qoymadan məişətində də, adi həyatında da, sənət dünyasında da layiq görüldüyü fəxri adın məsuliyyətini dərk edərək, bu ada, bu adı ona layiq görənin imzasına böyük hörmət və ehtiram bəsləyərək xalq artisti - xalqının seçilmiş sənət adamı kimi cəmiyyətə növbəti dəfə nümunə təqdim edirdi. Bu səs sahibi layiq görüldüyü xalq artisti fəxri adının əvvəlində Azərbaycan sözünün durduğunu bir an belə unutmayaraq bu məmləkətin adına yalnız baş ucalığı gətirirdi.
Təəssüf, çox təəssüf ki, bütün xalq artistlərimiz haqqında bu cür xoş sözləri deyə bilmirik. Mədəniyyətimizin təmsilçiləri olaraq insanlarda yüksək əxlaqi dəyərlər aşılamaq, öz mədəni davranışları ilə cəmiyyətə nümunə olmaq əvəzinə üfunət qoxuyan çirkin münasibətlərini iyrənc formada gündən-günə inkişaf etdirərək bəzi üzdəniraq sənətçilərimiz fərqinə varmırlar ki, dünyanın mötəbər məclislərində «Bu xalqın xalq artistləri bu cür mədəniyyətin, əxlaqi dəyərlərin sahibidirlərsə, onların sıravi vətəndaşlarından nə gözləmək olar?» sualı və qınağı ilə üzləşə bilərik