Azərbaycanın müstəqillik əldə etməsindən sonra xalqımıza qarşı törədilən faciələrdən bəzilərinin üstü hələ də açılmayıb. Bu sırada ən ağrılı faciələrdən biri də Azərbaycanın dövlət və hökumət adamlarının olduğu vertolyotun vurulması idi. 20 noyabr faciəsinin səbəbləri, günahkarları zaman-zaman müzakirə edilib. Bu arada həmin faciə zamanı atasını itirən Sevinc Osmanqızı hadisələrlə bağlı öz fikirlərini yazıb. Modern.az saytı hazırda Amerikada yaşayan tanınmış tanınmış jurnalistin fikirlərini təqdim edir:
Məndən soruşursuz, vertolyot faciəsi arxadan vurulan zərbə olubmu?
Dövlət Katibi Tofiq İsmayılovun başçılıq etdiyi nümayəndə heyəti Ağdama gedib, Bakıya qayıtmalı idi. Xocavəndə uçuş planlaşdırılmamışdı. Nümayəndə heyətini Ağdam aeroportunda bir gün əvvəl Xocavənddən gələn qaçqınlar qarşılamamalı idi. Ağdamın yataqxanalarında yerləşdirilməli olan bu bir qrup qaçqını avtobusla aeroporta yığmaqdan məqsəd nə olub? Təxribat içəridə, Ağdam müşavirəsində davam etdirilib.
Daha sonra onların hamısının uçuş təhlükəsizliyi standartlarını pozaraq, kiçik bir vertolyota mindirib, hərbi müşayiətsiz yola salınması. Vurulub yanan vertolyotun söndürülməməsi, xəbərin gizlədilməsi, “təpəyə çırpıldı, yerə dəydi” deyilməsi. Gecikmə ilə gəlib çıxan Azərbaycan istintaq qrupunun vertolyotun qalıqlarına buraxılmaması. Aşkar olunan “qara qutu”nun parlament istintaq komissiyasınn sədri Tamerlan Qarayev tərəfindən ruslara, gedər-gəlməzə göndərilməsi...
İstintaq və parlament təhqiqat komissiyasının işlərindən mühüm dəlillərin yoxa çıxması. İkinci vertolyotun uçduğunu, yanan “Mİ-8”-ə yaxınlaşan maşın karvanını görən Azərbaycanlı çobanın ifadəsinin silinməsi... Bütün bunlar müstəqilliyini təzəcə qazanmış Azərbaycana qarşı yaxşı hazırlanmış terror aktının tərkib hissələridir.
Azərbaycanın post-sovet tarixi ilə bağlı dərsliklərdə çox şey dəyişəcək. Bu gün ölkənin hər bir guşəsində heykəl ucaltmaqla deyil. Biz müstəqillik taiximizin qəhrəmanlarını, fədakarlarını, sapı özümüzdən olan baltaları tanıyacağıq. 20 noyabr Qarakənd faciəsini də belə bir ədalət anı gözləyir!
Modern.az