Rusiyada yaşayan azərbaycanlı iş adamı, daha çox “Putinin dostu” kimi tanınan professor İlham Rəhimov “Yeni Müsavat”a müsahibəsində azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev barəsində verilən sualları özünəməxsus tərzdə cavablandırıb.
İş adamı girovların azad edilməsi məsələsində hüquqi nöqteyi- nəzərdən onların Azərbaycana müraciət etməli olduqlarını vurğulayıb. O, Dilqəm Əsgərovun Rusiya vətəndaşı olmasını qeyd edərək, girovun geri qaytarılması məsələsində Rusiyanın öz vətəndaşı üçün atmalı olduğu addımı da əsassız hesab edib.
Digər təəccüb doğuran məqam isə professorun girovla əsirin fərqini izah edə bilməməsi olub.
Məsələ ilə bağlı Milli Məclisin İnsan Hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafaya müraciət etdik.
Modern.az-a açıqlamasında deputat deyib ki, bu məsələdə Rusiya Ermənistana müraciət etməlidir. Girovların azad edilməsi üçün Azərbaycana müraciət etməyin də mənası yoxdur.
“Biri Rusiya vətəndaşı olduğuna görə Rusiya öz vətəndaşının girovluqdan azad olunması üçün addım atmalıdır. Təəssüf ki, Rusiya bu məsələdə Ermənistana hər hansı şəkildə təzyiq göstərə bilmir. Eyni zamanda, Azərbaycana müraciətin mənası yoxdur. Azərbaycanın imkanı olsa, gedib onları girovluqdan azad edər. Halbuki, Azərbaycan həmin ərazilərə nəzarət edə bilmir. Ərazilər işğal altındadır”.
Fazil Mustafa bir daha girov və əsirlərin fərqini izah edib.
“Söhbət hərbçilərdən getmir. Azərbaycan əsgəri girov götürülməyib. İşğalçı dövlət kimi Ermənistan mülkü şəxsləri girov götürüb. Mülki şəxslərlə bağlı beynəlxalq konvensiya var. Onların bu formada girov saxlanılması beynəlxalq hüquqa ziddir. Ona görə də bu məsələdə real vəziyyətdən çıxış etməyimiz vacibdir.
Burda söhbət Ermənistanın işğal etdiyi ərazilərdən gedir. De-yure Azərbaycan əraziləri olsa da, de-fakto Ermənistanın işğal etdiyi ərazilərdir”.
“Bəs bütün bunların fonunda İlham Rəhimov girovlarla bağlı niyə qeyri-müəyyən çıxış edib” sulaına deputatın cavabı belə olub.
“Görünür, problemi dərindən təhlil etmədən ortaya belə bir mövqe qoyulub. İnanmıram ki, İlham Rəhimov bunu pis niyyətlə etsin. Görünür, problemin mahiyyətini ciddi araşdırmadan belə açıqlama verib. Düşünmürəm ki, İlham Rəhimovun çıxışı qıcıq yarada bilər. Əsas odur ki, məsələnin həlli yolları tapılmalıdır”.
Namidə BİNGÖL