“Bələdiyyələrlə bağlı vətəndaşlardan daxil olan müraciətlərin sayı əvvəlki illərə nisbətən az olub. 2015-ci ildə vətəndaşlardan daxil olan 2093 müraciətə baxılıb. Onlardan 107 müraciət tərəfimizdən tam, 20 müraciət isə qismən təmin olunub”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzəni təqdim edərkən deyib.
O qeyd edub ki, əvvəlki illərə nisbətən müraciətlərin az olmasının səbəbi bələdiyyələrin birləşdirilməsi ilə əlaqədar saylarının azalmasıdır:
“Daxil olan müraciətlər araşdırılıb. Onlarından 62 araşdırma materialı prokurorluq orqanlarına göndərilib, 3 müraciət isə dərhal korrupsiya faktlarını əks etdiriyi üçün prokurorluq orqanlarına göndərilib. Ümumilikdə, 65 müraciət prokurorluq orqanlarına təqdim olunub. Müraciətlərə baxılıb hüquqi qiymət verilməsi istiqamətində tədbirlər davam etdirilib. Aparılan araşdırmalar nəticəsində müəyyən maliyyə pozuntuları aşkar olunub. Həmin maliyyə pozuntuları nəticəsində ortaya çıxan maliyyə vəsaitlərinin ödənilməsi də təmin edilib. Bu da əvvəlki illərə nisbətən iki dəfədən çox olub”.
M.Səlimzadə bildirib ki, ötən il bələdiyyələrdən daxil olan aktların sayı əvvəlki illərlə müqayisədə 11,6 faiz az olub.
“Bələdiyyələrin fəaliyyətində əsas məsələlərdən biri vətəndaşalrın müraciətləri ilə əlaqədar mülkiyyət məsələlərin həll olunması və torpağın idarə olunmasına aiddir. Bələdiyyələrdən daxil olan aktlara ekspertiza nəzarəti həyata keçirilib. Nəticədə 2007 bələdiyyə aktının dəyişdirilməsi, ləğv olunması tərəfimizdən bələdiyyələrə təqdim olunub. Qanunsuz zəbt olunan torpaq sahələrinin bələdiyyə mülkiyyətinə qaytarılması tərəfimzidən təmin olunub. Nəticədə əvvəlki ilə nisbətən az sayda torpaq sahəsinin bələdiyyələrinin mülkiyyətinə qaytarılması təmin olunub”.
Mərkəz rəisi eyni zamanda qeyd edib ki, bəzi bələdiyyələrin qərarları qanunun tələblərinə uyğun gəlmir.
“Keçən ilə nisbətən 12,8 faiz bələdiyyə qərarlarının göndərilməməsi müaşahidə olunub. Bununla bağlı hüquqi tədbirlər davam etdirilir. 330 bələdiyyə sədri haqqında məhkəmə qərarı verilib”.
M.Səlimzadə həmçinin bələdiyyələrin fəaliyyəti ilə bağlı daxil olan müraciətlərin mövzularını açıqlayıb.
“Daxil olan müraciətlər əsasən vətəndaşların torpaq sahələrinin ayrılması ilə bağlı göndərdikləri sorğular olub. 2903 müraciətdən 500-ə yaxını torpaq sahələrinin ayrılması, digərləri sənədləşdirilməsi ilə bağlıdır. Onların bəzilərinin qismən təmin olunmasına çalışmışıq. Araşdırma nəticəsində məlum olub ki, vətəndaşların torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı bələdiyyələrin laqeyd münasibəti haqda müraciətləri tam olaraq həqiqəti əks etdirmir. Digər müraciətlər torpaq mübahisəsi ilə bağlı olub ki, onlardan 14-ə yaxını tərəfimizdən təmin olunub. Digərlərinə izah xarakterli cavablar verilib. Bəzi bələdiyyələrin vəzfəli şəxlərindən də xeyli sayda müraciət daxil olub. Tərəfimizdən araşdırılıb. Məlum olub ki, həqiqətən də vəzifəli şəxslər tərəfindən nöqsanlara yol verilib. Lakin daxil olan müraciətlərin əksəriyyətinin həqiqətə uyğun olmadığı aşkar olunub”.
Mehdi Səlimzadə 2015-ci ildə qanunsuz torpaq satışı olmadığını qeyd edib. “Bəzi bələdiyyələrdə qanunsuz xərclənmə aşkarlarıb. Bunun obyektiv və subyektiv səbəbləri olub. Bələdiyyə əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı 4 müraciət daxil olub. Həmin faktlar təsdiqinin tapıb və hüquqi qiymət verilməsi üçün aidiyyatı orqanlara təqdim olunub. Keçən il rüşvətlə bağlı bir fakt qeydə alınıb”.
Aytən ZƏHRA