Bu gün spirtli içki içib sükan arxasına əyləşmək istəməyən insanlar “ayıq sürücü” xidmətinə müraciət edə bilir. Zəng vurmaqla çağırdığınız xidmət əməkdaşı sizi öz avtomobilinizlə istədiyiniz ünvana çatdırır.
Qeyd edək ki, xidmət haqqı məsafədən asılı olaraq dəyişir. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Modern.az saytına açıqlamasında “ayıq sürücü” kimi fəaliyyət göstərənlərin bir çox hallarda qayda pozuntularına yol verdiklərini vurğulayıb:
““Ayıq sürücü” xidməti əməkdaşlarının naşılığı, kobud hərəkətləri nəticəsində son 6 ay ərzində 4 yol-nəqliyyat hadisəsi baş verib. Sürücü spirtli içkinin təsiri altında olduğu üçün tanıdığı “ayıq sürücü”yə zəng vurub. Sərxoş sürücünü mənzil başına çatdırmaq istəyən “ayıq sürücü”nün əməkdaşı özü qəza törədib.
Hesab edirəm ki, bu fəaliyyətlə məşğul olanların işi qanunvericiliklə tənzimlənməli, xidmətə cəlb edilən insanların kimliyinə, peşəkarlığına, sürücülük qabiliyyətinə fikir verilməli, həmçinin sığorta edilməlidir. Hər yerindən duran “mən ayıq sürücüyəm” deyib bu işlə məşğul olmamalıdır. Konkret qanunla tənzimlənən, lisenziyası olan, xəritəni bilən, hətta bir neçə xarici dil bilən insanlar ayıq “sürücü”yə cəlb olunmalıdır.
Çünki, vətəndaşa maddi ziyan dəyib. Sığorta da vəsaiti “ayıq sürücü”dən tələb edir“Ayıq sürücü” isə pulu ödəməkdən imtina edir. Hazırda iş hüquq-mühafizə orqanları tərəfindən araşdırılır”. V.Əsədov şəxsi olaraq “ayıq sürücü”xidməti olması barədə yayılan informasiyalara da aydınlıq gətirib:
“Mənim vaxtım öz işimin öhdəsindən gəlməyə ancaq çatır.
Mənim əlavə işə ayırmağa vaxtım da yoxdur. Digər tərəfdən isə bu gün polis əməkdaşı sərbəst hüquqi fəaliyyətlə məşğul ola bilməz. Mən nə belə bir xidmətim var, nə də “krişalıq” edirəm.
Amma “ayıq sürücü” xidmətində çalışan dostlarımız var. Bəlkə də onlarla mütəmadi olaraq əlaqəm olduğu üçün belə düşünülür.
Mən bəzən onların təbliğatını aparıram, çünki, içki içib sükana əyləşən sürücülərimiz olduğu müddətdə onlara ehtiyac var. Amma bir daha vurğulayım ki, qanun çərçivəsində”.
Gülşən RAUFQIZI