Modern.az

Ən çox gözlənilən film Bakıda nümayiş olundu

Ən çox gözlənilən film Bakıda nümayiş olundu

Təhsil

11 Fevral 2016, 10:46

 
Kino və komiks həvəskarları bu hadisəni düz 11 il idi ki, gözləyirdilər. Marvel studiyasının komiksləri arasında ən maraqlısı və gülməlisi sayılan Dedpul haqqında filmi.

Sosial şəbəkələrdə aktiv olanlar yəqin ki, Dedpul filminin premyerasından xəbərdar idilər.

Fevralın 10-dan etibarən qırmızı triko geyən bu qəhrəman haqqında film dünyanın hər yerində ekranlara çıxır.

 

Elə Azərbaycanda da həmin gün Dedpul ilk dəfə olaraq Park Cinema Kinoteatrlar şəbəkəsinin Flame Tower-dəki İMAX kinozalında seyrçilərin görüşünə gəldi.

2016-cı ilin ən çox gözlənilən filmlərindən birinin qapalı nümayişində 280-ə yaxın qonaq iştirak edib. Onlar arasında tanınmış şoumen Murad Dadaşov, televiziya aparıcıları Kamilə Babayeva, İlkin Həsənli, Murad Arif, Ceyhun Əli, Həmid Herisçi, həmçinin mədəniyyət, incəsənət və kino xadimləri, estrada ulduzları, aktyorlar, tanınmış bloqerlər və KİV nümayəndələri olub.

 

Nümayişdən əvvəl “Dedpul” filmi haqda məlumat verilib. Filmin nümayişinə gələn qonaqlar Park Cinema Kinoteatrlar şəbəkəsinin bu cür ictimai nümayişlərinin ənənə halı almasından məmnun olduqlarını qeyd ediblər.  Qeyd olunub ki, Park Cinema-nın Azərbaycanda kinoteatr və kinoya kütləvi baxış mədəniyyətinin formalaşmasında böyük rolu var.

 

Furşet maşası ətrafında səmimi dostluq abı-havasında keçən tədbir zamanı foto və video çəkilişlərdən sonra qonaqlar filmə tamaşa etmək üçün zala dəvət olunublar. Tədbirin sonunda hər kəsə Dedpul üz maskaları, Entree firmasından dadlı şirniyyatlar hədiyyə edilib.

Dedpul - Marvel komikslərinin ən qeyri-standart antiqəhrəmanı haqda filmdir. Film xüsusi xidmət orqanlarının keçmiş işçisi Ueyd Uilsonun başına gələnlərdən bəhs edir. Ueyd xərçəng xəstəliyindən əziyyət çəkir. Bu ölümcül azardan qurtulmaq, sevgilisi ilə yaşamaq üçün Uilson gizli eksperimentə razılıq verir. Lakin ona vurulan eksperimental dərmana görə Ueydin bədəni mutasiyaya uğrayır. Uuilson inanılmaz dərəcədə güc əldə edir. Amma əvəzində bədəni və üz dərisi eybəcər hala düşür.

Bundan sonra özünü Dedpul adlandıran Uilson əvvəlki formasına qayıtmaq üçün həyatını məhv etmiş adamı izləməyə başlayır. 18+ yaş kateqriyasına aid edilən bu filmdə söyüşlər, açıq-saçıq səhnələr də kifayət qədər yer alıb.

Dedpul obrazını Rayan Reynolds yaradıb.  Dedpul - 20th Century Fox tərəfindən çəkilən "İks-adamlar" seriyasının 8-ci filmidir. Tim Millerin rejissoru olduğu filmin baş rollarında Rayan Reynolds, Morena Bakkarin, Ed Skreyn, Ti Cey Miller, Cina Karano, Brayan Hildbrend, Andre Trisoto və Lesli Uqqams oynayır.

Fevralın 11-dən etibarən Dedpul filmi Bakının bütün kinoteatrlarında – Park Cinema Park Bulvar, Park Cinema Flame Tower, Park Cinema Metropark, Park Cinema Zaqulba, Nizami Cinema Center, Cinema Plus, City Cinema (Aygün City) kinoteatrlarında nümayiş olunacaq.

F.Əliyeva

 

 

 

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza