“Bir çox bələdiyyələrin fəaliyyətinin düzgün olması üçün onların müvafiq büdcəsi olmalıdır. Bir çox bələdiyyələr heç işçilərinə məvcib verə bilmir”. Modern.az xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə müzakirəyə çıxarılan "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2015-ci il üzrə)" məruzə haqqında danışarkən deyib.
Komitə sədri bildirib ki, bələdiyyələrin bəzilərinin Dövlət Sosial Müdafiə Fonduna 20-40 min manat borcu var:
“Onların büdcələrinə pul daxil olan kimi dərhal fondun hesabına köçürürlər. Nəzərə alsaq ki, respublika bələdiyyələrinin 14 faizinin əhalisi 1000 nəfərə qədərdir, o zaman onların vəziyyəti daha acınacaqlıdır. Belə bələdiyyələr tənqid edilsə də, cəzalandırılsa da, vəziyyət düzəlməyəcək. Ona görə də həmin bələdiyyələrə mütləq dövlət köməyi edilməlidir. Qanunvericilik də buna imkan verir. Bütün bunları nəzərə alaraq, dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait artırılmalıdır".
A.Rəhimzadə qeyd edib ki, bələdiyyələr müəyyən layihələri icra etmək üçün subsensiya almaq hüququna malikdir:
"Lakin nə keçən il, nə də bu il müvafiq məqsədlə vəsait yarılıb. Heç dövlət büdcəsində də bununla bağlı müvafiq sətir açılmayıb. Büdcədə builki gərginliyi anlayırıq. Lakin bu şəraitidə bələdiyyələrə ayrılan dotasiyaların bir hissəsi subsensiya yolu ilə ifadə oluna bilərdi".
A.Rəhimzadə qeyd edib ki, bələdiyyələrin vergi yığmasına təsir etmək imkanları çox məhdudur. “Bununla bağlı komitədə təklif hazırlanır və müvafiq təşkilata göndəriləcək. İndiyə qədər bələdiyyələrin hamısı mülkiyyətində olan torpaqların xəritələrini əldə edə bilməyiblər. Məruzədə yaxşı bələdiyyələr haqqında danışılmadı. Yəni bizdə 10-15 yaxşı işləyən bələdiyyə yoxdur ki, onların adını çəkək? Bizdə axı qanun pozuntularına yol verən bələdiyyələrlə yanaşı, yaxşı işləyən bələdiyyələr də var”.
Komitə sədri Milli Məclisdə səsləndirdikləri təkliflərə reaksiya verilməməsindən şikayətlənib.
“Özümüz deyib, özümüz eşidirik. Təklifim var ki, Milli Məclisin deputatları plenar iclasdakı tənqidi fikirləri müvafiq orqanlara göndərsinlər və cürətimiz çatsa da, onlardan cavab da istəyək”.
Spiker Oqtay Əsədov bildirib ki, bələdiyyələr haqqında pis fikir formalaşmışdı, bələdiyyələrə torpaq satmaqla məşhurlaşmışdı.
“Bunları kənara qoymaq lazımdır. Bələdiyyələrdən hərəkət yoxdur ki, onlara kömək edilsin. Lazim olsa müvafiq təşkilatlara deyilə bilər. Lakin özlərindən hərəkət lazımdır. Deyirsiniz 10 bələdiyyə yaxşı işləyir, qalanları yox. Bu necə olur? Demək sistem yaxşı qurulmayıb. Biz dəstək verməyimiz üçün onların özlərindən hərəkət lazımdır. Bələdiyyələrin uişləməsi üçün nə etmişik? Qanunların icrası üçün nələr etmişik? Gəlib yaxamızdan tutmalıdırlar ki, qanunu qəbul etmisiniz, icra edə bilmirəm. Bu da yoxdur”.
Aytən Zəhra