Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransdan irəli gələn tapşırıqların yerlərdə icrasını təmin etmək məqsədilə Füzuli rayonunda aidiyyəti tədbirlər görülür.
Ryaon İcra Hakimiyyətindən Modern.az-a bildirilib ki, bu məqsədlə iş adamları, fermerlər və məcburi köçkünlərlə görüşlər keçirilib, cəbhə bölgəsində sahibkarlığın inkişaf etdirilməsi, yerli istehsalın artırılması, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması, rayona sərmayələrin cəlb edilməsi məsələləri müzakirə olunub. Müzakirələr zamanı aqrar rayon olan Füzulidə sahibkarların, məcburi köçkünlərin yetişdirdikləri kənd təsərrüfatı məhsullarının birinci əldən satışını təşkil etmək üçün kənd təsərrüfatı məhsullarının satışı mərkəzlərinin yaradılması təklif olunub.
Rayon İcra Hakimiyyəti əhalinin tələbini nəzərə alaraq, məcburi köçkünlərin sıx məskunlaşdıqları 5 Zobucuq qəsəbəsini əhatə edən ərazidə kənd təsərrüfatı məhsullarının satışı bazarının tikintisinə başlayıb.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib ki, tikintisinə başlanılan bazar ölkə başçısının sərəncamı ilə 2007-ci ildə tikilib istifadəyə verilmiş 5 Zobucuq qəsəbəsində və ətraf kəndlərdə yaşayan 2500-dən artıq ailənin məşğulluğunu artırmaq və onların yetişdirdikləri müxtəlif növ kənd təsərrüfatı məshsullarının birinci əldən satışını təşkil etmək məqsədi daşıyır. Alı Alıyev təməli qoyulan bazarın qısa müddət ərzində tikilib istifadəyə veriləcəyini Zobucuq qəsəbələrində və ətraf kəndlərdə yaşayan məcburi köçkünlərin yetişdirdikləri məhsullarını burda birinci əldən sata biləcəklərini vurğulayıb. O, bu cür bazarların yaxın günlərdə Qayıdış qəsəbələrində və Horadiz şəhərində də təməlinin qoyulacağını vəd edib.
Alı Alıyev rayonda iqtisadiyyatın inkişaf etdirilməsi, ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması məsələlərinə də toxunub. Bildirib ki, rayonda kənd təsərrüfatı və sahibkarlıq daha da inkişaf etdirilməli, məcburi köçkünlər həyatyani və pay torpaqlarında səmərəli istifadə etməlidirlər.